putin zengezur 900x519 1

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovuvun “Tramp marşrutu” (TRIPP) ilə bağlı açıqlaması maraq doğurub. Şevtsovuv bildirib ki, bu layihənin reallaşması ABŞ-ın Ermənistan ərazisində, İran sərhədinə yaxın bölgədə hərbi və kəşfiyyat imkanlarını genişləndirməsinə şərait yarada bilər.

Onun sözlərinə görə, Ermənistan ərazisindən keçəcək marşrutun yaradılması Qərb ölkələrinə, xüsusilə də ABŞ-a bölgədə müxtəlif hərbi imkanlardan istifadə etməyə imkan verəcək.

Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, Cənubi Qafqaz artıq münaqişənin necə həll edilməsi sualı ətrafında deyil, ortaq iqtisadi maraqlar prizmasından dəyərləndirilir:

“Bu isə, şübhəsiz ki, Cənubi Qafqaz uğrunda rəqabətin profilinin artıq dəyişdiyindən xəbər verir. Bu, birmənalı qaydada Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin nəticəsidir.

TRIPP layihəsi ətrafında da son vaxtlar formalaşan Qərb və Rusiyanın analitik yanaşmaları göstərir ki, mövzunu sadəcə Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması ilə məhdudlaşdırmaq, yaxud da Ermənistan ərazisindən keçən 42 km-lik marşrutla hüdudlandırmaq düzgün olmaz. Sözügedən layihə artıq Cənubi Qafqazın geosiyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının yenidən formalaşmasına təsir göstərə biləcək ciddi strateji təşəbbüsdür.

Qərb analitiklərinin yanaşmalarında diqqət çəkən bir neçə xüsus var. Əsas məqam ondan ibarətdir ki, TRIPP-in coğrafi ölçüsü ilə onun strateji əhəmiyyəti arasında fərq var. Yəni, fiziki baxımdan qısa olan bu marşrut, əslində Azərbaycanı, Naxçıvan və Türkiyə vasitəsilə daha geniş coğrafiyaya, yəni Avrasiya nəqliyyat şəbəkəsinə bağlamaq xəttini izləyir. Orta Dəhlizin imkanlarını genişləndirir, həmçinin Mərkəzi Asiya ilə Avropa arasında alternativ bağlantı yaratmaq potensialını gücləndirir.

Buna görə də TRIPP bir nəqliyyat layihəsindən daha çox, yeni geoiqtisadi əlaqələrin formalaşdırılması mexanizmi kimi dəyərləndirilir.

Sözügedən layihənin digər mühüm istiqaməti onun Rusiya və İranın regional nəqliyyat sistemindəki mövqeyinə potensial təsirləridir. Əgər TRIPP Orta Dəhlizə tam şəkildə inteqrasiya edərsə, bu zaman Avropa ilə Mərkəzi Asiya arasında Rusiya ərazisindən keçməyən alternativ marşrut daha da möhkəmlənəcək.

Bu isə, şübhəsiz ki, nəqliyyat axınlarının diversifikasiyasına, həmçinin Rusiyanın tranzit imkanlarının və konvensional qaydada öyrəşdiyimiz geoiqtisadi təsir alətlərinin müəyyən qədər zəifləməsinə gətirib çıxara bilər.

Elə bu məqamda TRIPP-in ABŞ üçün də önəmi üzə çıxır. Qərb analitiklərinin bir hissəsi bildirir ki, Vaşinqtonun layihəyə aktiv şəkildə daxil olması, ABŞ-ın uzunmüddətli strateji tərəfdaşı olaraq Cənubi Qafqazı öz yanında tutması deməkdir.

ABŞ regionda yalnız diplomatik vasitəçi olmaq istəmir, həm də nəqliyyat, logistika, enerji, hətta rəqəmsal infrastrukturun formalaşmasında iştirak edərək strateji aktora çevrilmək istəyir. Təbii ki, bu yanaşma TRIPP-i daha geniş bir məzmunla əhatə edir. O zaman ABŞ üçün bu layihə Avrasiya strategiyasının bir elementi kimi dəyərləndirilə bilər.

Cənubi Qafqazın Xəzər hövzəsi, Mərkəzi Asiya və Avropa ilə əlaqələndirilməsi ABŞ üçün sadəcə iqtisadi dividendlər təklif etmir. Bu, həm də Rusiyanın, İranın və müəyyən mənada Çinin regional bağlantılar üzərində təsir imkanlarını balanslaşdırmaq baxımından yeni imkan və fürsətlər təqdim edir”.

Ekspert deyib ki, Rusiya analitiklərinin və hətta rəsmi təhlükəsizliklə bağlı şəxslərin bu məsələyə fərqli yanaşmasının olduğu görünür:

“Moskvanın əsas narahatlığı ondan ibarətdir ki, TRIPP verəcəyi nəqliyyat imkanlarından daha çox ABŞ tərəfindən idarə olunan və yaxud da ABŞ-ın mühüm rol oynadığı bir modelə çevrilə bilər. Həmin bu ehtimal üzərində Rusiya analitikləri və rəsmi təhlükəsizliklə bağlı şəxslər ciddi şəkildə mülahizələr yürüdürlər.

Rusiya baxımından, Ermənistanın cənubunda ABŞ-ın uzunmüddətli mövcudluğu təbii ki, Cənubi Qafqazın təhlükəsizlik balansına birbaşa təsir göstərə bilər. Xüsusilə İran sərhədinə yaxın bir ərazidə Qərbin infrastruktur və mümkün təhlükəsizlik alətlərinin genişlənməsi, mexanizmlərinin müəyyənləşdirilməsi Moskva və Tehran tərəfindən strateji risk kimi dəyərləndirilir.

Elə buna görə də Rusiyanın son açıqlamalarında TRIPP haqqında ritorikanın ciddi şəkildə dəyişdiyini müşahidə edirik. Əgər layihə daha öncəki dönəmlərdə sadəcə nəqliyyat və iqtisadi təşəbbüs olaraq dəyərləndirilirdisə, biz artıq mümkün təhlükəsizlik və geosiyasi nəticələri olan layihənin təqdim edildiyinin şahidiyik.

sebnem hesenova 900x506 3
Şəbnəm Həsənova 

Əslində, Qərb və Rusiyanın yanaşmaları bir-birindən fərqli görünsə də, onların arasında da ortaq cəhətlər var. Hər iki tərəf TRIPP-in regional güc balansına təsir göstərə biləcəyini qəbul edir. Sadəcə Qərb bunu əsasən yeni iqtisadi və geosiyasi imkan kimi görürsə, Rusiya öz regional mövqeyinə və təhlükəsizlik maraqlarına potensial çağırış kimi dəyərləndirir.

Bu mənada TRIPP-in ən önəmli nəticələrindən biri Cənubi Qafqazda marşrutlar uğrunda rəqabətin geosiyasi təsir uğrunda rəqabətə çevrilməsi ola bilər. Regionumuzda yolun haradan keçməsi artıq təkcə logistika məsələsi deyil. Söhbət burada nəqliyyat marşrutlarına nəzarət, iqtisadi gəlirlər, enerji təhlükəsizliyi, siyasi təsir və strateji bağlantılardan gedir.

Təbii ki, Azərbaycan bu yeni konfiqurasiyanın müəyyənləşdirilməsində mərkəzdə dayanan aktordur. TRIPP-in həyata keçməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqələrin yaranması, həmçinin ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələrindəki mövqeyinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan həm də su üzərindən, yəni Xəzər üzərindən Mərkəzi Asiya ilə Avropa arasında bağlantıların əsas həlqələrindən birinə çevriləcək.

Ermənistan üçün TRIPP çox mühüm əhəmiyyət kəsb edir. Bu, bir tərəfdən ölkənin cənubunu regional və beynəlxalq nəqliyyat sisteminə inteqrasiya edəcək, tranzit imkanlarını və iqtisadi gəlirlərini artıracaq, həm də layihənin həyata keçirilməsi Ermənistanın xarici siyasətində müəyyən balansların dəyişməsinə, manevr imkanlarının genişlənməsinə gətirib çıxaracaq və ölkənin Rusiya ilə ənənəvi təhlükəsizlik münasibətlərindən daha çox Qərb platformalarına açılmasına səbəb olacaq.

İranın mövqeyini isə daha həssas dəyərləndirərdim. Çünki Tehran Azərbaycan-Naxçıvan bağlantısının yaradılmasına prinsip etibarilə alternativsiz yanaşmaya bilər, öz alternativlərini də təqdim edir. Lakin Ermənistanın cənubunda ABŞ-ın strateji rolunun möhkəmlənməsi ehtimalını öz milli təhlükəsizliyi baxımından fərqli qiymətləndirir, burada ciddi suallar ortaya qoyur.

Buna görə də İran üçün önəmli olan məsələ marşrutun açılmasından daha çox, marşrutun hansı siyasi və təhlükəsizlik mexanizmləri ilə idarə olunması məsələsidir”.

Politoloqun fikrincə, TRIPP gələcək taleyini yalnız Azərbaycan və Ermənistanla məhdudlaşdırmır:

“Həmin bu layihə Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirən regional təşəbbüs səviyyəsindən çıxaraq ABŞ, Rusiya, İran, Avropa İttifaqı və Mərkəzi Asiya dövlətlərinin maraqlarını özündə birləşdirir. Həmin bu maraqların kəsişdiyi daha geniş geosiyasi layihəyə çevrilir.

Burada əsas məsələ ondan ibarətdir ki, TRIPP-in əhəmiyyəti onun uzunluğunda yox, hansı marşrutları və hansı tərəfləri bir-birinə bağlamasındadır. Eyni zamanda hansı güc mərkəzlərini həmin bağlantı sisteminin xaricində saxlaya bilməsidir. Yəni daxildə kimləri qəbul etməsi, kimləri xaric etməsi son dərəcə önəmli məsələdir.

Əgər, təbii ki, layihə uğurla yekunlaşarsa, Cənubi Qafqazın əsrlər boyu formalaşmış təhlükəsizlik regionu obrazı artıq nəqliyyat və geoiqtisadi bağlantı modelinə keçəcək. Bu isə, şübhəsiz ki, Azərbaycanın strateji əhəmiyyətini artıracaq, regionda Rusiya və İranın ənənəvi təsir mexanizmlərinin transformasiyasını sürətləndirəcək. Bu səbəbdən TRIPP-ə yalnız bir dəhliz kimi baxmaq düzgün yanaşma olmaz.

TRIPP Cənubi Qafqazda yeni geosiyasi düzənin infrastrukturu uğrunda gedən mübarizənin ən konkret ifadələrindən biri kimi dəyərləndirilməlidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: