Naxçıvanın taleyində yeni mərhələ başlaya bilər. Uzun illər coğrafi təcridin və məhdud iqtisadi imkanların təsiri ilə əhalisinin bir hissəsi iş və dolanışıq üçün Bakı, Türkiyə və hətta İrana üz tutan Naxçıvan indi tamamilə fərqli geosiyasi reallığın astanasındadır. Zəngəzur dəhlizinin reallaşması, Naxçıvanın Türk dünyası ilə bağlantılarının genişlənməsi və regionun beynəlxalq nəqliyyat xəritəsində çəkisinin artması muxtar respublikanı sadəcə Azərbaycanın ayrılmaz hissəsi kimi deyil, Şərqlə Qərb arasında mühüm tranzit, logistika və iqtisadi qovşaq kimi önə çıxara bilər. Artıq Naxçıvanda sənaye və logistika potensialının genişləndirilməsinə yönələn yeni layihələr də bu istiqamətdə daha böyük iqtisadi aktivliyin formalaşmasına hesablanır.
Bu mənzərədə əsas suallardan biri isə Naxçıvanın iqtisadi və geosiyasi çəkisinin artmasının əhalinin həyatına necə təsir edəcəyi ilə bağlıdır. V
Vaxtilə insanları iş dalınca bölgədən çıxmağa vadar edən amillər aradan qalxmağa, yeni iş yerləri, investisiyalar, ticarət və tranzit imkanları formalaşmağa başlayarsa, Naxçıvandan köçün istiqaməti dəyişə bilərmi? Zəngəzur dəhlizinin açılması və Naxçıvanın yeni regional bağlantılara qoşulması muxtar respublikadan gedənlərin geri qayıdacağı, hətta başqa bölgələrdən insanların bu üz tutacağı yeni bir mərhələnin başlanğıcına çevrilə bilər?
Globalinfo.az-a danışan deputat Vüqar Rəhimzadə deyib ki, bu günədək ölkəmizdə uğurla icra olunan Dövlət proqramlarında qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı da xüsusi yer tutub:
“Ölkəmizin ayrılmaz hissəsi olan muxtar respublikanın Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında xüsusi yeri var. Bu baxımdan avqustun 11-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri bir daha bu reallıqların təqdimatı oldu.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilib. Prezident İlham Əliyevin ölkəmizin digər bölgələri kimi muxtar respublikaya da göstərdiyi diqqət sayəsində görülən genişmiqyaslı işlər, o cümlədən böyük infrastruktur layihələrinin həyata keçirilməsi, Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması, tarixi-mədəni abidələrimizin qorunması istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin ayrılmaz hissəsi olan muxtar respublikanın iqtisadiyyatını, özəl bölməni inkişaf etdirmək, insanların qayğısına qalmaq, həyat tərzini yaxşılaşdırmaq, müasir dövrün çağırışlarına uyğun olaraq davamlı addımların atılması əsas hədəflərdəndir. Prezident İlham Əliyevin səfərdən sonra imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamında əksini tapan çağırışlar mühüm əhəmiyyət kəsb edir. Belə ki, Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə imzalanan sənəddə qeyd olunan dövr ərzində görüləcək işlər və onların icra mexanizmləri öz əksini tapır”.

Vüqar Rəhimzadə
Deputat bildirib ki, muxtar respublikanın iqtisadi inkişafı ilə yanaşı, əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təminatı, işsizlik probleminin həlli, sosial xidmət səviyyəsinin müasir tələblər səviyyəsinə yüksəldilməsi əsas hədəflər sırasındadır:
“Orta Dəhlizin strateji əhəmiyyətli hissəsi olan Naxçıvan şəhəri 2044-cü ilədək daha böyük potensiala malik yaşayış məkanı kimi inkişaf edəcək. Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Naxçıvan böyük nəqliyyat və logistika xəritəsinin mühüm qovşağına çevrilir. Belə ki, Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq. Beləliklə, Naxçıvanın əsrlər boyu malik olduğu strateji coğrafi mövqe yeni nəqliyyat imkanları ilə iqtisadi üstünlüyə çevriləcək. Bu baxımdan Naxçıvanın, Türkiyə, Ermənistan və İranla sərhəddə yerləşməsi, onun geosiyasi əhəmiyyətini artıran mühüm faktordur. N
axçıvan potensial olaraq müxtəlif nəqliyyat, logistika, enerji, ticarət və kommunikasiya şəbəkələrinin kəsişdiyi strateji platformadır. Ərazinin geosiyasi əhəmiyyətini artıran digər mühüm istiqamət Türk dünyasının inteqrasiyasıdır. Türk Dövlətləri Təşkilatının gələcək inkişafı baxımından da nəqliyyat bağlantıları fundamental əhəmiyyət daşıyır. Muxtar respublikanın gələcəkdə logistika mərkəzlərinə, sərhəd ticarət zonalarına, nəqliyyat infrastrukturlarına və yüksək əlavə dəyər yaradan xidmət sektorlarına investisiyalar cəlb etməsi onun iqtisadi rolunu əhəmiyyətli dərəcədə dəyişəcək. Azərbaycanın əsas iqtisadi mərkəzləri ilə ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan arasında quru əlaqəsinin yaranması nəqliyyat xərclərini azaltmaqla yanaşı, sərnişin və yük axınını artıracaq, Naxçıvanın daxili bazarını genişləndirəcək. Yük maşınları, dəmir yolu, logistika, anbarlar, gömrük xidmətləri, ticarət, mehmanxana biznesi, restoranlar, avtomobil servisləri, turizm və digər xidmət sahələri üçün yeni bazar formalaşacaq. Bu isə iqtisadi fəaliyyət, yeni iş yerləri, əhalinin həyat səviyyəsinin daha da artması deməkdir. Onu da qeyd edim ki, Naxçıvanın gələcək inkişafı şəhərin artım potensialı nəzərə alınmaqla planlaşdırılıb. “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı”na əsasən, göstərilən müddət ərzində məskunlaşma ərazisinin 1831 hektardan 2630 hektara çatdırılması nəzərdə tutulur. Bununla şəhərin mövcud ərazisinin təxminən 44 faiz genişlənəcəyi, əhali sayının isə 97 min 200 nəfərdən 130 min nəfərə çatacağı proqnozlaşdırılır.
Ümumiyyətlə, yeni geosiyasi reallıqlar şəraitində Naxçıvanın əhəmiyyəti bir çox istiqamətlər üzrə daha da artacaq. Buraya nəqliyyat qovşağı, logistika mərkəzi, Türk dünyasının bağlantı məkanı, enerji və kommunikasiya məkanı, turizm və mədəniyyət mərkəzi kimi məsələlər daxildir”.
Turan Rzayev
Globalinfo.az