ABŞ aktivləşdi: Xankəndidə vəziyyətə nəzarət üçün yeni həmlə

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller ötən gün bildirib ki, Vaşinqton Qarabağda vəziyyətə nəzarət etmək üçün beynəlxalq missiya yaradılmasını təklif edir. Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, hazırda bu mövzuda ciddi müzakirələr gedir. Rəsmi Bakı isə bu məsələyə birmənalı şəkildə yox deyib.

Maraqlıdır, ABŞ-ın indiki məqamda canfəşanlığının səbəbi nədir?

Qarabağa beynəlxalq missiyanın göndərilməsində əsas məqsəd nədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ-ın cəhdləri bu dövlətin Cənubi Qafqazdakı mövcudluğunu qorumağa hesablanıb:

Kənan Novruzov

“Rəsmi Vaşinqton bunun üçün əlindən gələni edir. Rusiyanın son zamanlardakı ritorikası və Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində regionda “daşların yerinə oturması” Ağ Evi narahat etməmiş deyil. ABŞ başa düşür ki, proqnozlaşdırıldığından fərqli olaraq Rusiyanın regiondakı təsir gücü azalmaya bilər. Ona görə də bütün imkanları ilə bunun qarşısını almağa çalışır.

Ümumiyyətlə, region oğrunda Vaşinqtonla Moskva arasında mübarizə güclənməkdədir.

Beynəlxalq missiya yaradılmasına heç bir halda imkan vermək olmaz. Bu, gələcək işlərə mane ola bilər. Bizim belə bir missiyaya ehtiyacımız yoxdur. Bu missiya regional sabitliyə yox, ABŞ-ın bölgədəki maraqlarına xidmət edəcək.

Biz öz işimizi görmüşük. Bundan sonra da belə olacaq: perspektivlərimizi müəyyənləşdirəcək və lazımi addımlar atacağıq. Necə ki, BMT-nin, Rusiya sülhməramlılarının işini görmüşük”.

Turan Rzayev
Globalinfo.az