IMG 2244

“30 avqust dünyada taleyi məlum olmayan insanların xatırlanması onların ailələrinin yaşadığı ağrıya diqqət çəkilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında deputat Aydın Hüseynov 30 avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, bu günün qeyd olunmasında məqsəd itkin düşən insanların taleyinin araşdırılmasına, ailələrin həqiqəti bilmək hüququna diqqət çəkməkdir:

Azərbaycan üçün isə mənası daha ağırdır. Çünki ölkəmizdə minlərlə ailə uzun illərdir yaxınlarının taleyindən xəbər gözləyir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində təxminən 4 min azərbaycanlının taleyi hələ də məlum deyil. Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ müharibəsi üzrə 3998 nəfər itkin kimi qeydiyyatdadır. İtkin düşmüş şəxslərin tapılması və onların taleyinin müəyyənləşdirilməsi bu gün Azərbaycanın qarşısında duran əsas humanitar məsələlərdən biridir. Məqsəd illərdir cavab gözləyən ailələrə həqiqəti çatdırmaqdır”.

Deputat qeyd edib ki, bu istiqamətdə işğaldan azad olunmuş ərazilərdə axtarışlar aparılır:

“Aşkarlanan insan qalıqları ekspertizaya göndərilir. DNT analizləri vasitəsilə onların kimliyi müəyyənləşdirilir. Bu işdə müasir məhkəmə-tibb üsullarından və beynəlxalq təcrübədən də istifadə olunur. Azərbaycan bu sahədə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə də əməkdaşlıq edir. Son illərdə yüzlərlə itkin şəxsin taleyinə aydınlıq gətirilib. Məsələn, 2026-cı ilin iyun ayına olan məlumata görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş 327 şəxsin kimliyi müəyyən edilib. Onlardan 226 nəfərin məlumatları ictimaiyyətə açıqlanıb və ailələrinə təhvil verilib”.

aydin huseynov esas

Aydın Hüseynov

A.Hüseynov əlavə edib, işğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması bu işin ən ağrılı tərəflərindən biridir:

Xocalı, Şuşa, Füzuli və digər ərazilərdə aparılan qazıntılar zamanı insan qalıqları tapılıb. Bu məzarlıqlar təkcə bir faciənin izləri deyil. Onlar illərdir cavabsız qalan sualların da izidir. Kimlər burada dəfn olunub? Onların başına nə gəlib? Xüsusilə Xocalıda aşkarlanan məzarlıqlar bu sualların nə qədər ağır olduğunu bir daha göstərir.

İtkinlərin taleyinin müəyyənləşdirilməsi ilə yanaşı, onların başına gələnlərin də araşdırılması vacibdir. Əgər şəxs öldürülüb, işgəncəyə məruz qalıb və ya gizli şəkildə dəfn edilibsə, bu faktlar hüquqi qiymət almalıdır.

30 avqust həm də bizə xatırladır ki, itkin insanın arxasında bir ailə dayanır. O ailə illərlə qapıya baxa, telefondan xəbər gözləyə bilər. Buna görə də hər bir itkin şəxsin taleyinin müəyyənləşdirilməsi ən ümdə olan məsələlərdəndir”.

Ləman İmran

Globalinfo.az

Paylaş: