bas prokurorluq yeni

Baş Prokurorluğun Mətbuat xidmətindən Buzovnada dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində qanunsuz yenidənqurma işləri aparıldığına dair bəyanatında konkret ünvan göstərilməyib.

Globalinfo.az Yeni Sabah-a istinadla xəbər verir ki, prokurorluq Mədəniyyət Nazirliyindən daxil olmuş məlumatlar əsasında cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparıldığını bəyan edib.

“Buzovna qəsəbəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan məsciddə müvafiq razılaşdırma aparılmadan yenidənqurma işlərinin görüldüyü aşkarlanıb” – deyilsə də, dini ibadətgahın adı dəqiqləşdirilməyib.

“Aşkar edilmiş qanun pozuntularının təkrarlanmasının qarşısının alınması məqsədilə həmin əməllərə yol vermiş şəxslərə prokuror təsir aktı olan xəbərdarlıq elan olunub”, – deyə prokurorluğun məlumatında daha sonra qeyd olunub.

Buzovna sakini, əməkdar artist Mirzə Ağabəyli bildirib ki, sözügedən yenidənqurma işlərinin aparıldığı yer Buzovna Cümə Məscidinin ərazisi olub.

“4 aydır ki, qazıntı işləri aparırdılar. Deyirdilər ki, afalt çəkiləcək, onun üçündür. Qazırdılar, örtürdülər, təzədən qazırdılar. Camaat məscidə gedə bilmirdi. Məscidin həyətinə maşınla girib-çıxmaq mümkün deyildi. Sakinlər əziyyət çəkirdi. Dünəndən, avqustun 28-dən etibarən işlər dayandırıldı”, – deyə M.Ağabəylu vurğulayıb.

Buzovna Cümə Məscidinin axundu Soltan Əlizadə məsələyə münasibət bildirməsə də, məscidin 2009-cu ildə aparılan bərpa işlərindən sonrakı açılışı ilə bağlı görüntülər paylaşıb.

Paylaş: