2537685.4cf9c286a0b6443196c948ee79f31583

Ermənistan hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində faktiki iştirak göstərməsə də, hüquqi baxımdan hələ də təşkilatın üzvü hesab olunur.

Globalinfo.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Talatbek Masadıkov açıqlayıb.

Masadıkov bildirib ki, Ermənistan uzun müddətdir təşkilat çərçivəsində keçirilən müzakirələrə qatılmır. Eyni zamanda, İrəvan KTMT-də kvota üzrə nəzərdə tutulan vəzifələrə öz nümayəndələrini və hərbçilərini göndərmir, həmçinin təşkilatın Katibliyində çalışmalı olan əməkdaşlarını təqdim etmir:

Ermənistan artıq üç ildir KTMT-yə üzvlük haqqı ödəmir. Buna baxmayaraq, ölkənin təşkilatdakı hüquqi statusu dəyişməyib”.

Masadıkov Ermənistanın əvvəlki dövrlərdə KTMT-nin inkişafına mühüm töhfələr verdiyini də vurğulayıb. O, erməni xalqının müxtəlif vaxtlarda ölkə rəhbərliyinin irəli sürdüyü təşəbbüsləri dəstəklədiyini qeyd edib.

KTMT baş katibi Ermənistanın təşkilatdan çıxarılması ilə bağlı yekun qərarın üzv ölkələrin ali komandanlarının səlahiyyətində olduğunu bildirib. Onun sözlərinə görə, belə qərar qəbul edilərkən bütün mövcud hallar və amillər nəzərə alınmalıdır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: