ekber qosali oz 1 900x499 1

Özbəkistanın nüfuzlu rəsmi nəşri – parlamentin mətbu orqanı olan “Xalk so‘zi” (“Xalq sözü”) qəzetinin 25 avqust 2026-cı il tarixli sayında azərbaycanlı şair-publisist Əkbər Qoşalının AzərbaycanÖzbəkistan münasibətlərinin yeni tarixi mərhələsinə həsr olunmuş yazısı dərc edilib.

Globalinfo.az bildirir ki, “O‘zbekiston – Ozarbayjon munosabatlarida muhim bosqich” (“ÖzbəkistanAzərbaycan münasibətlərində mühüm mərhələ”) adlı məqalədə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladığı Əbədi dostluq haqqında Müqavilə iki qardaş xalqın ortaq tarixi yaddaşının və gələcəyə yönəlmiş dövlətçilik iradəsinin ifadəsi kimi dəyərləndirilir.

Müəllif Azərbaycan–Özbəkistan münasibətlərinin müttəfiqlikdən əbədi dostluq mərhələsinə yüksəlməsini çağdaş Türk dünyasının diqqətəlayiq siyasi-mədəni hadisələrindən biri kimi şərh edir. Yazıda qədim türk dövlətçilik yaddaşındakı “bəngü/məngü” – “əbədi” anlayışı ilə XXI yüzildə imzalanmış tarixi müqavilə arasında mənəvi-fəlsəfi paralel aparılır. Əkbər Qoşalı bu sənədi, bir növ, çağdaş dövlətçilik dilində yazılan yeni “Məngü daş” kimi anlamlandırır.

Məqalənin önəmli xətlərindən biri də iki dövlət arasında siyasi münasibətlərin xalqların mədəni yaddaşı ilə tamamlanmasıdır. Müəllif vurğulayır ki, Bakı ilə Daşkəndi yalnız rəsmi görüşlər, hökumətlərarası komissiyalar, yatırım layihələri və ticarət dövriyyəsi birləşdirmir; Azərbaycan və özbək xalqlarının dili, dastanları, poeziyası, incəsənəti və ortaq türk mədəniyyətinə bağlılığı bu yaxınlığın daha dərin qatını təşkil edir.

Bu baxımdan Füzulidə Mirzə Uluqbəy adına məktəbin yaradılması yazının mənəvi yükünü tamamlayan xüsusi rəmzlərdən biridir. Qarabağ Zəfərinin, Böyük Qayıdışın və dirçəlişin məkanında Türk-İslam elmi düşüncəsinin böyük simalarından Mirzə Uluqbəyin adını daşıyan məktəbin fəaliyyət göstərməsi müəllif tərəfindən qardaşlığın gələcək nəsillərə ünvanlanmış ismarıcı kimi ifadə olunur.

Əkbər Qoşalının yanaşmasına görə, siyasi sənədlər onilliklərin tarixini yaza bilər, məktəblər isə yüzilliklərin… – Məktəblərdə dostluğu gələcək yüzillərə aparacaq nəsillər yetişir.

Məqalədə çağdaş Azərbaycan–Özbəkistan mədəni inteqrasiyasının başqa parlaq örnəklərinə də geniş baxış var: Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması, Bakıda “Özbəkistan” parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günləri, Xivədə “Şuşa Günləri”, ədəbi nəşrlər, elmi konfranslar, şəhərlərarası qardaşlaşma və tərəfdaşlıq bağları vahid mədəni prosesin ayrı-ayrı halqaları kimi qiymətləndirilir.

Bu kontekstdə Şuşa–Xivə qardaşlığı xüsusi simvolik anlam qazanır: Şuşa Qafqazdakı türk mədəniyyətinin uca qalalarından biri, Xivə isə Mərkəzi Asiyanın qədim türk-islam mədəniyyətinin canlı yaddaşıdır. Bakı–Daşkənd, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd, Füzuli–Gülistan və digər şəhərlər arasında genişlənən münasibətlər dövlətlərarası əlaqələri paytaxtların hüdudlarından çıxararaq xalqların gündəlik həyatına daşıyır.

Türk dünyası yalnız Zirvə toplantılarında birləşməməlidir. – Bu, müəllifin əsas qənaətidir. – Universitet universitetlə, şəhər şəhərlə, yazıçı yazıçı ilə, müəllim müəllimlə, gənc gənclə görüşməlidir. Siyasi inteqrasiyanın arxasında davamlı ictimai-mədəni inteqrasiya dayananda ortaq gələcək daha möhkəm təməl qazanır.

Yazıda Azərbaycan və özbək dillərinin qarşılıqlı öyrənilməsinə dair Əbədi dostluq haqqında Müqavilədə əks olunan yanaşmaya da ayrıca diqqət yetirilir. Müəllif dili tarixi yaddaşın, düşüncə tərzinin və xalqın minillik nəfəsinin daşıyıcısı kimi təqdim edir. Azərbaycanlı gəncin özbək dilini, özbək gəncin azərbaycan dilini vasitəçisiz öyrənməsi ortaq yaddaşın qapısını birbaşa açan mədəni hadisə kimi dəyərləndirilir.

Məqalənin özbək oxucusuna Azərbaycan Prezidentinin dövlət səfərinin və tarixi sənədlərin imzalanmasının ardınca təqdim olunması da ayrıca anlam daşıyır: Bakı ilə Daşkənd arasında dövlətlərin strateji iradəsi xalqların yüzillərdən gələn doğmalığı ilə qovuşur.

Əkbər Qoşalı yazısını bu fikirlə ümumiləşdirir:

“Keçmişimiz ortaq, bugünümüz müttəfiq, gələcəyimiz isə dostluq üzərində qurulur və bu dostluğun önünə bir söz yazılıb: ƏBƏDİ!”

Yazını DGTYB-nin üzvü, şair-tərcüməçi Rəhmət Babacan özbəkcəyə uyğunlaşdırıb.

Onu da vurğulayaq ki, Əkbər Qoşalı Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvüdür və Özbəkistanın dövlət müstəqilliyinin 30 illiyi münasibətilə keçirilmiş beynəlxalq şeir müsabiqəsinin qalibi olub (2021). O, nüfuzlu özbək nəşri “Kitab Dünyası”nın Azərbaycan təmsilçisi kimi də fəaliyyət göstərib; şeir və hekayələri qardaş ölkə Prezidentinin Sərəncamı əsasında gün üzü görmüş 100 cildlik türk xalqları ədəbiyyatı antologiyasında çap olunub.

Beləcə, Azərbaycan sözü Daşkənddə, özbək sözü Bakıda səslənir; Füzulidə Uluqbəy, Daşkənddə Nizami, Bakıda Nəvai ruhu görüşür. Dövlət siyasətinin yaratdığı böyük imkan mədəniyyətin dili ilə xalqların könül yaxınlığına çevrilir.

Hüseyn Cavidin ölməz misraları bu mənzərənin mənəvi yekunu kimi səslənir:

“Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”

WhatsApp Image 2026 08 25 at 15.34.46 2 WhatsApp Image 2026 08 25 at 15.34.46 3

Paylaş: