ermenistan ktmt

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün açıqlamasında bildirib ki, ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa qərar verərsə, sevinəcək. Kremlin sözçüsü Dmitri Peskov da buna cavab olaraq Ermənistanı təşkilata bağlayan heç bir şeyin qalmadığı halda KTMT-ni tərk edə biləcəyini söyləyib.

Həmçinin Ermənistanın yaxın zamanda Rusiyadakı səfirini dəyişəcəyi də bildirilir. Məlumata görə, hazırkı səfir İrəvanın Moskvaya qarşı sərt mövqeyini dəstəkləmir, bu da Ermənistan rəhbərliyini qane etmir. Nəticə olaraq İrəvanın siyasətini dəstəkləyən birinin təyin olunmasını planlaşdırırlar.

İki ölkə arasında gərginlik durmadan artır, İrəvanın son tutumundan sonra Moskvanın bu ölkəyə mövqeyi necə olacaq? Rusiya Ermənistanın iqtisadi asılılığından istifadə edib onu daha da sıxışdıra bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Paşinyanın açıqlaması onun tərəddüdünü göstərir:

“Çünki ittifaq ölkələrinin hər hansı üzvü alyansdan uzaqlaşdırması ciddi söhbət deyil. Səhv etmirəmsə, alyansın Nizamnaməsində ittifaq üzvünün KTMT-dən kənarlaşdırılması yalnız onun öz istəyi ilə baş tuta bilər. Bütün üzvlər bir araya toplanıb Ermənistanı KTMT-dən kənarlaşdıra bilməzlər. Bunu Paşinyanın da bilməməsi mümkün deyil. O, əgər topu digər komanda yoldaşlarının ayağına atırsa, deməli, KTMT-dən kənarlaşmaq fikri yoxdur. Bunun səbəbi isə aydındır. Ermənistan bu zamana qədər özünün hərbi və Təhlükəsizlik strategiyasını Rusiyanın himayəsi üzərində qurub. Özünün hərbi və təhlükəsizlik qüvvələrini tam formalaşdırmayıb. Belə bir keçid mərhələsində birdən-birə KTMT-dən çıxarsa, ilk növbədə Rusiyanın təxribatları ilə üzləşə və dövlətçilik mexanizmlərini itirə bilər. Məhz bu səbəbdən də “buyurun, bizi siz ittifaqdan çıxarın” deyərək baş tutmayacaq duaya “amin” deyir. Məqsəd təbii ki, zaman qazanmaqdır”.

heyder oguz
Heydər Oğuz

Siyasi şərhçi bildirib ki, Rusiyanın bu ilin axırına qədər Ermənistana möhlət verməsi də vəziyyəti tündləşdirir:

“Söhbət təkcə təhlükəsizlik tədbirlərindən də getmir. Bu ilin axırı faktiki olaraq soyuq qış günlərinin tam ortası deməkdir. Ermənistan ilin sonuna qədər KTMT və Avrasiya İqtisadi İttifaqından çıxarsa, Rusiyanın sərt sanksiyaları ilə qarşılaşar. İlk növbədə Rusiyadan aldığı qazı, elektiriki kəsilər. Ermənistanda isə qış ayları kifayət qədər soyuq keçir və bu təzyiqə nə qədər hazır olub-olmadığı bəlli deyil. Üstəlik, belə bir addım atarsa, daha ağır iqtisadi sanksiyalarla da üzləşə bilər. İrəvanın çox arxalandığı Qərb dövlətlərinin belə bir kritik zamanda ona iqtisadi dəstək verməsi də şübhəlidir. Ən azı ona görə ki, Avropa dövlətlərinin başı Ukraynaya qarışıb. Orada ciddi bir uğur qazanmadan bir də Ermənistanı öz başlarına bəla edəcəkləri inandırıcı görünmür. Bütün bunlara baxmayaraq, İrəvanın Rusiyaya qarşı üsyan bayrağı qaldırması iki qütb arasında manevr etmək niyyətindən irəli gəlir. Bunun İrəvana nə qazandıracağını isə demək çətindir. Paşinyan bir növ riskə gedir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: