İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ölkənin “Məkkə sazişi”nə qoşulmaq üçün təklif aldığına dair məlumatları təkzib edib. O, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan sazişə qoşulmaq üçün Tehrana rəsmi dəvət göndərilmədiyini bildirib.
Maraqlıdır ki, daha əvvəl İran parlamentinin informasiya agentliyinin rəhbəri Mehdi Rahimi “Al Mayadeen” telekanalına müsahibəsində ölkənin belə bir dəvət aldığını və nəzərdən keçirdiyini bildirmişdi.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İran xarici işlər naziri Abbas Əraqçi də məlumatı təkzib edib:
“Bu, İranın siyasi elitasındakı mövcud ziddiyyət kimi qiymətləndirilə bilər. Amma, çox güman, məsələ başqadır. Yəqin ki, təklif qeyri-rəsmi edilib. Elə buna görə də nazir açıqlamasında “rəsmi” sözündən istifadə edib. Hər halda, rəsmi dəvətdən əvvəl qeyri-rəsmi müzakirələrin baş tutması anlaşılandır.

Kənan Novruzov
Perspektivdə İranın sazişə qoşulması tamamilə mümkündür. Xüsusilə nəzərə almaq lazımdır ki, ABŞ də bu sazişi dəstəkləyib. Ağ Ev yaxşı başa düşür ki, sazişin üzvlərinin sayı artacaq. Əgər tam şəkildə İranın mümkün üzvlüyünü istisna etsəydi, onda birbaşa və ya dolayı formada sazişlə bağlı narahatlıq ifadə olunardı.
Fikrimcə, İranın “Məkkə sazişi”nə qoşulması bütün tərəflərə, hətta ABŞ-a sərf edir. Beləliklə tərəflər arasındakı gərginlik də azalar”.
Turan Rzayev
Globalinfo.az