usaq

Paytaxt sakini Dünya Dadaşova Baku TV-nin qaynar xəttinə müraciət edərək 13 yaşlı, əlilliyi olan övladı Tunar Dadaşovun təhsili ilə bağlı yaşadığı çətinliklərdən danışıb. Ana övladının xüsusi qayğıya ehtiyacı olduğunu bildirib.

Məlumata görə, yeniyetmə daha əvvəl məktəbdə və cəmiyyətdə aqressiv davranışlar nümayiş etdirib, həmyaşıdlarına xəsarət yetirib. Buna görə də aidiyyəti qurumun qərarı ilə evdə təhsilə yönləndirilib.

Lakin bir müddət əvvəl şagirdin təhsilini 254 nömrəli tam orta məktəbdə davam etdirməli olduğu bildirilib. D.Dadaşova övladının davranışlarını idarə etməkdə çətinlik çəkdiyini və onun yenidən həmyaşıdları ilə problem yaşaya biləcəyindən narahat olduğunu deyib.

Valideyn məsələ ilə bağlı narahatlığını belə ifadə edib:

“Övladım II qrup əlilliyi və ciddi davranış pozuntusu olan uşaqdır. Dərman qəbul etməsə, özünü idarə edə bilmir. 5-ci sinfə qədər kütləvi məktəbdə oxusa da, aqressiv davranışlarına görə evdə təhsilə keçirilmişdi. Son iki il ərzində evdə sakit şəkildə təhsil alırdı. İndi isə onu yenidən 254 nömrəli tam orta məktəbə yönləndiriblər. Özünü idarə etməkdə çətinlik çəkən, evdə və həyətdə uşaqlara xəsarət yetirən bir uşağın kütləvi təhsilə qayıtması təhlükəlidir. Məktəbdə baş verə biləcək bədbəxt hadisənin məsuliyyətini kim daşıyacaq?!”

Paylaş: