İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyətinin yüksəldilməsi, eləcə də onların sosial və siyasi fəallığının artırılması hüquqi dövlətin əsas prinsiplərindən biri hesab olunur. Bu istiqamətdə həyata keçirilən tədbirlər vətəndaşların öz hüquqlarını daha yaxşı bilməsinə, hüquqi mexanizmlərdən istifadə imkanlarının genişlənməsinə və ictimai-siyasi proseslərdə fəal iştirakına şərait yaradır.
Hüquqi dövlətin əsas xüsusiyyətlərindən biri isə bütün ictimai münasibətlərin qanun əsasında tənzimlənməsidir. Bu baxımdan insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi yalnız hüquqi mexanizmlərin mövcudluğu ilə deyil, həm də həmin mexanizmlərin səmərəli və müstəqil şəkildə fəaliyyət göstərməsi ilə bağlıdır.
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, siyasi və sosial fəallığının artırılmasından danışarkən ilk növbədə hüquqi dövlət anlayışı gözümüzün önünə gəlir:
“Bu anlayışlar ancaq hüquqi dövlətlərdə ola bilər. Azərbaycan hüquqi dövlətdir. Azərbaycan başda olmaqla hüquqi dövlətlərdə hər şey qanunla həll olunur. Bütün ictimai münasibətlər qanunlarla tənzimlənir. Başqa formada tənzimləmə hüquqi dövlət anlayışını kənara qoyur.
Azərbaycan hüquqi dövlət olmaqla yanaşı, 1995-ci ildə Azərbaycan Konstitusiyası qəbul edilib. Düzdür, elə dövlətlər var ki, onların konstitusiyası yoxdur, lakin yenə də hüquqi dövlət sayılır. Amma hər bir halda konstitusiya hüquqi dövlətin başlıca meyarlarından biridir. Çünki qeyd etdiyimiz bütün bu məqamların hamısı Konstitusiya ilə tənzimlənir. İnsanın haqları və hüquqları da həmin Konstitusiyada öz əksini tapır.
İnsan hüquq və azadlıqları isə ümumiyyətlə, bu gün çox vacibdir. Hüquqi dövlət bu məsələyə xüsusilə yer ayırır. İnsan hüquq və azadlıqlarının müdafiəsi üçün dövlətdə bir sıra institutlar olmalıdır. Bunlardan biri hakimiyyətin bölünməsi prinsipinə əsasən məhkəmə hakimiyyətidir.
Məhkəmə hakimiyyətinin müstəqilliyi təmin olunmalıdır. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması bir sıra məqamları reallaşdırır. Onlardan biri də insan hüquq və azadlıqlarının müdafiəsi mövzusudur. Bunun üçün ədalət mühakiməsi müstəqil olmalıdır. Beləcə, insanlar özlərinin hüquq və azadlıqlarını müdafiə edə bilirlər.
İnsan hüquq və azadlıqlarının müdafiəsi hüquqi dövlətin yalnız bir istiqamətini deyil, bütövlükdə hüquq sisteminin əsas mahiyyətini təşkil edir. Vətəndaşın öz hüququnu bilməsi qədər, həmin hüququn pozulduğu halda onun müdafiəsi üçün effektiv hüquqi mexanizmlərin mövcud olması da mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan hüquqi və siyasi mədəniyyətin yüksəldilməsi də xüsusi əhəmiyyət kəsb edir. Hüquqlarını və vəzifələrini bilən, qanunvericiliyə bələd olan vətəndaş ictimai-siyasi proseslərdə daha fəal iştirak edə, öz mövqeyini hüquqi müstəvidə ifadə edə və qanunla nəzərdə tutulan müdafiə mexanizmlərindən yararlana bilər. Bu isə cəmiyyətdə hüquq və qanunun aliliyinin daha da möhkəmlənməsinə xidmət edir.
Eyni zamanda, vətəndaşların sosial və siyasi fəallığının artması hüquqi dövlətin inkişafının mühüm göstəricilərindən biri kimi çıxış edir. Çünki hüquqi dövlət yalnız qanunların mövcudluğu ilə deyil, vətəndaşların həmin qanunların yaratdığı imkanlardan istifadə etməsi, hüquq və azadlıqlarını bilməsi və ictimai həyatda fəal mövqe nümayiş etdirməsi ilə də xarakterizə olunur”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması.
Turan Rzayev
Globalinfo.az