Rusiya Ukraynaya göstərdiyi hərbi dəstəyə görə Böyük Britaniyanı ağır nəticələrlə hədələyib. Buna səbəb Britaniya istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün istifadə olunmasıdır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyinin yaydığı açıqlamada bildirilir.
“Kiyev rejiminin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Britaniya PUA-larından istifadə etməsi barədə məlumatlar Londonun Ukrayna böhranının gərginləşdirilməsinə şüurlu şəkildə üstünlük verdiyini təsdiqləyir. Halbuki London sülhə can atdığını ikiüzlü şəkildə bəyan edir”, – mediada yayılan xəbərlərə dair açıqlamada qeyd olunur.
Rusiya diplomatik nümayəndəliyi vurğulayıb ki, Böyük Britaniya Kiyevin Moskvaya qarşı fəaliyyətinə verdiyi dəstəyə görə məsuliyyət daşımalı olacaq.
“Birləşmiş Krallıq bu şəkildə ölkəmizi cilovlamaq və ona mümkün qədər böyük zərər vurmaq məqsədilə Ukraynanın neonasistlərinin törətdiyi qanlı cinayətlərə və terror aktlarına yardım edən və onları dəstəkləyən tərəfə çevrilir. Londonun bu addımlarının qaçılmaz nəticələri olacaq və Böyük Britaniya əməlinə görə məsuliyyət daşıyacaq. Münaqişəyə cəlbolunma nə qədər dərin, Kiyevin terror maşınına göstərilən dəstək nə qədər geniş olsa, bunun bədəli də bir o qədər ağırlığı ilə seçiləcək”, – Rusiya səfirliyinin açıqlamasında vurğulanıb.
Əliyar Xəlil