resize 4

Sentyabr yaxınlaşdıqca məktəb alış-verişi də gündəmə gəlir. Çanta, dəftər, dəftərxana ləvazimatları və məktəbli forması üçün alış-verişi son günlərə saxlamaq istəməyən valideynlər artıq hazırlığa başlaya bilərlər.

Məktəb alış-verişinə indidən başlamaq daha sərfəlidir, yoxsa sentyabrı gözləmək? Valideynlər nələri indidən almalı, nələri isə sonraya saxlamalıdır?

Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Sabirin (Abdullayeva) sözlərinə görə, məktəb alış-verişini son günlərə saxlamaq valideynlər üçün həm əlavə maliyyə yükü, həm də vaxt itkisi yarada bilər:

“Bu baxımdan, məktəb hazırlığına əvvəlcədən və mərhələli şəkildə başlamaq daha məqsədəuyğundur. Sentyabr yaxınlaşdıqca məktəb ləvazimatlarına tələbat artır və bu, bəzi məhsullar üzrə seçim imkanlarının azalmasına səbəb ola bilər. Xüsusilə çanta, məktəbli forması və ölçü və model seçimindən asılı olan digər məhsulların son günlərə saxlanılması valideynləri tələsik qərar verməyə vadar edə bilər. Buna görə də bu kateqoriyadan olan əsas ehtiyacları əvvəlcədən müəyyənləşdirmək və büdcəyə uyğun seçim etmək daha səmərəli yanaşmadır”.

Professorun fikrincə, məktəb üçün lazım olan bütün məhsulları bir dəfəyə almaq da düzgün strategiya deyil:

“İlk növbədə mütləq istifadə olunacaq və seçim tələb edən məhsullara üstünlük vermək lazımdır. Çanta, penal, qələm, karandaş, pozan, xətkeş, rəngli karandaşlar, yapışqan, qayçı kimi gündəlik istifadə olunan ləvazimatları əvvəlcədən almaq mümkündür. Bu zaman valideyn həm müxtəlif məhsulları müqayisə edə, həm də büdcəsinə uyğun seçim edə bilər”.

irt
Rəsmiyyə Sabir

R.Sabir deyib ki, məktəbin forma modeli və tələbləri artıq məlumdursa, məktəbli forması ilə bağlı hazırlığa da erkən başlamaq olar:

“Bununla yanaşı, ayaqqabı və mövsümə uyğun üst geyiminin seçimi də əvvəlcədən planlaşdırılmalıdır. Ləvazimatların alınması məsələsində isə daha ehtiyatlı olmağı tövsiyə edirəm. Müəllim və ya məktəb tərəfindən tələb olunan konkret siyahı məlum olmadan çoxlu sayda dəftər, albom, rəng və digər material almaq əlavə xərc yarada bilər. Bəzi fənlər üzrə xüsusi dəftər və ya əlavə materiallar tələb oluna bilər. Ona görə də bu məhsulların hamısını əvvəlcədən almağa ehtiyac yoxdur. Lazımi siyahı dəqiqləşdikdən sonra çatışmayan ləvazimatları tamamlamaq daha məqsədəuyğundur. Bu, həm lazımsız xərclərin qarşısını alır, həm də valideynə real ehtiyac əsasında alış-veriş etmək imkanı verir”.

Ekspertin fikrincə, optimal yanaşma məktəb alış-verişini iki mərhələdə həyata keçirməkdir:

“Əvvəlcə əsas və uzun müddət istifadə olunacaq məhsulları almaq, daha sonra isə dərs prosesi başladıqdan sonra zərurəti müəyyənləşən ləvazimatları əldə etmək lazımdır. Beləliklə, valideynlər həm son günlərdə yarana biləcək seçim məhdudiyyətləri və qiymət dəyişikliklərindən, həm də ehtiyac olmadığı halda əlavə xərclərdən qaça bilərlər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: