Bakının Nəsimi rayonunda, Şəmsi Bədəlbəyli küçəsində “Xaliq Faiqoğlu” şirkətinə məxsus sərnişin avtobusunun yanması bir məsələni gündəmə gətirib: avtobuslar texniki baxışdan nə dərəcədə düzgün keçirilir? Bu nəqliyyat növündə baş verən yanğınların səbəbi nədir?
Vətəndaşların ictimai nəqliyyat vasitələri haqda iddiaları haqlıdırmı?
Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, “Xaliq Faiqoğlu” Bakı şəhərində ən yaxşı sərnişindaşıma xidmətini həyata keçirən şirkətlərdəndir:
“Ola bilər ki, artıq istismar müddətini başa çatdırmış avtobusların sayı artıb. Xətlərdə fəaliyyət göstərən avtobusların müəyyən texniki istismar müddəti var və həmin müddət başa çatdıqdan sonra onların texniki baxışdan ciddi və ətraflı keçirilməsi vacibdir. Nəqliyyat vasitələrinin köhnəlməsi də yanğınlara səbəb ola bilər. Xüsusilə yay aylarında yüksək temperatur, soyutma sistemləri və kondisionerlərin uzun müddət işləməsi texniki nasazlıqlara gətirib çıxara bilər. Elektrik sistemlərindəki problemlər də belə halların səbəblərindən biri ola bilər”.
İlqar Hüseynli
İlqar Hüseynlinin sözlərinə görə, burada əsas məsələ texniki xidmətin düzgün həyata keçirilməsidir:
“Servis zamanı dəyişdirilməsi zəruri olan detalların yenilənmədən avtobusların yenidən istismara buraxılması yolverilməzdir. Şirkətin maliyyə çətinlikləri və avtobus parkını yeniləməkdə problemləri ola bilər. Amma bütün bunlara baxmayaraq, şirkət öz öhdəliklərini, xüsusilə sərnişinlərin təhlükəsizliyi ilə bağlı məsuliyyətini ciddi şəkildə yerinə yetirməlidir”.
Zaira Akifqızı
Globalinfo.az