erdogan 900x506 1

Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviyaya səfər edib. Səfər çərçivəsində o, həm Tripoli, həm də Benqazi şəhərlərində olub. H.Fidanın Benqaziyə gedərək illərdir Ankaranın əsas rəqiblərindən biri hesab olunan Xəlifə Haftarla görüşməsi xüsusilə diqqət çəkir.

Məsələ ondadır ki, Türkiyə uzun müddət Liviyada əsas dayağını Tripolidəki Milli Birlik Hökumətində görürdü. Ankara üçün Tripoli həm siyasi tərəfdaş, həm də Aralıq dənizində enerji və dəniz sərhədləri məsələsində mühüm müttəfiq idi. Türkiyə ilə Liviyanın qərbindəki hakimiyyət arasında imzalanan dəniz səlahiyyətləri və enerji razılaşmaları Ankaranın Şərqi Aralıq dənizindəki mövqeyini gücləndirirdi. Bu səbəbdən Haftarın rəhbərlik etdiyi şərq düşərgəsi uzun müddət Türkiyənin qarşı tərəfində dayanırdı. Lakin hazırda vəziyyət əvvəlki kimi deyil. Türkiyə Liviyanın siyasi reallığını olduğu kimi qəbul edir və ölkənin qərbi ilə yanaşı, şərqində də təsir imkanları yaratmağa çalışır.

Əslində, Ankaranın Liviya siyasətində dönüş etməsi elə də təəccüblü deyil. Çünki Liviyada heç bir tərəf ölkənin bütövlüyünü və siyasi sistemini təkbaşına müəyyənləşdirə biləcək gücə malik deyil. Tripoli hökuməti ölkənin bütün ərazisinə faktiki nəzarət etmir, Haftar isə hərbi gücünə baxmayaraq, Liviyanın qərbində siyasi legitimliyi tam şəkildə təmin edə bilmir. Belə şəraitdə tərəflərdən yalnız birini seçmək Türkiyənin manevr imkanlarını məhdudlaşdırır. Ankara, görünür, məhz bu məhdudiyyəti aradan qaldırmaq qərarına gəlib.

Fidan səfərin Türkiyənin Liviyanın qərbi, şərqi və cənubu arasında ayrı-seçkilik qoymayan “Vahid Liviya” siyasətinin konkret təzahürü olduğuna diqqət çəkərək bunları qeyd edib:

Sitat:

Türkiyə olaraq Liviyanın əmin-amanlığını və sabitliyini öz sabitliyimizdən ayrı görmürük. Liviyalı qardaşlarımızın öz gələcəklərini azad, təhlükəsiz və firavan şəkildə qurması əsasdır. Cənab Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) ortaya qoyduğu baxış çərçivəsində Liviyanın qərbi ilə şərqi arasında dialoq və əməkdaşlığın gücləndirilməsini dəstəkləməyə, Liviyanın sülhünə, sabitliyinə və rifahına töhfə verməyə davam edəcəyik”.

Daha açıq desək, Türkiyə artıq Liviyada bir tərəfin himayədarı kimi deyil, ölkənin gələcək siyasi nizamının formalaşmasında bütün tərəflərlə danışa bilən əsas regional aktor kimi çıxış etmək istəyir.

Fidanın səfərində hərbi komponentin ayrıca vurğulanması isə başqa bir mesajdır. Xarici işlər nazirinin Tripolidə Türkiyə Silahlı Qüvvələrinin Liviya Missiyası Qrup Komandanlığını ziyarət etməsi Ankaranın şərq düşərgəsi ilə yaxınlaşmasının Türkiyənin Tripolidəki hərbi mövcudluğundan imtina anlamına gəlmədiyini göstərir.

Fidanın Benqaziyə səfəri Haftarla münasibətlərin yalnız siyasi dialoq səviyyəsində saxlanılmayacağını da göstərir. Əksinə, Türkiyə bir tərəfdən Haftarla danışıqlar aparır, digər tərəfdən Tripolidə hərbi mövcudluğunu qoruyur. Bu, Ankara üçün kifayət qədər əlverişli vəziyyətdir.

Bütün hallarda Türkiyə Suriyada olduğu kimi, Liviyada da sabit və mərkəzləşmiş dövlətin bərpa olunmasını istəyir. Düzdür, Suriyada bu proses dinc yolla baş vermədi. Lakin nəticə etibarilə bu gün Suriya əvvəlki illərlə müqayisədə kifayət qədər sabitdir. Ankaranın Liviyada sabitliyi necə təmin edəcəyini isə yerindəki vəziyyəti müşahidə etməklə və əsas siyasi-hərbi aktorlarla birbaşa təmas qurmaqla müəyyənləşdirməyə çalışdığı görünür.

Başqa sözlə, Ankara Haftarın gələcəkdə nə qədər güclü ola biləcəyini əvvəlcədən ölçməyə və onunla münasibətlər quraraq bu gücü öz təsir dairəsinə daxil etməyə çalışa bilər. Müqayisə üçün deyim ki, Ankara Əsəd hakimiyyətinin son dönəmində Dəməşqlə təmaslar qurmuşdu. Ardınca isə Suriyada hakimiyyət dəyişikliyi baş verdi. Türkiyə yeni reallığa kifayət qədər sürətlə uyğunlaşdı və yaranmış siyasi mənzərədə öz təsir imkanlarını qorudu. İndi Liviyada Haftarla qurulan təmaslara da bu təcrübənin prizmasından baxmaq mümkündür.

Turan Rzayev
Globalinfo.az-ın siyasi yazarı

Paylaş: