Azərbaycanın son illərdə, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra reallaşdırdığı meqalayihələrdə Rusiyanın iştirakı müşahidə edilmir. ABŞ Prezidenti Donald Trampın adı ilə “Tramp yolu” adlandırılan Zəngəzur dəhlizi layihəsi isə bu prosesin kulminasiya nöqtəsi hesab olunur. Halbuki Rusiya Prezidenti Vladimir Putin uzun müddət bu layihəni Moskvanın nəzarəti altında saxlamağa və Rusiyanın regiondakı mövqelərini qorumaq üçün əsas alətlərdən birinə çevirməyə çalışırdı.
Azərbaycanın “Rusiyasız gələcək” modeli eyni zamanda şimal qonşumuzun öz gələcəyinin sual altında olması anlamına gəlirmi? Başqa sözlə, Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarının azalması Rusiyanın gələcəkdə parçalanması və ya dağılması ehtimalını artırırmı?
Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş Zirvə görüşündən ötən dövr Cənubi Qafqaz üçün fundamental geosiyasi dəyişikliklərlə yadda qalıb:
“Vaşinqton sammitindən keçən 12 ay Cənubi Qafqazda təkcə Bakı və İrəvan arasında sülh gündəliyinin irəliləməsi ilə deyil, hər şeydən əvvəl Rusiyanın regiondakı uzunmüddətli hərbi-siyasi və iqtisadi təsir imkanlarının ciddi şəkildə zəifləməsi ilə yadda qalır.
Vaşinqton sammiti Moskvanın Cənubi Qafqazı özünün geostrateji təsir dairəsi hesab etdiyi arxitekturanı ciddi şəkildə sarsıtdı və Kremlin regional proseslərdən sıxışdırılması mərhələsini sürətləndirdi. Məlumdur ki, Moskvanın Cənubi Qafqazda əsas təsir mexanizmlərindən biri onilliklər ərzində mövcud olmuş idarəolunan münaqişə modeli idi. Bakı ilə İrəvanın vasitəçilərsiz, birbaşa ikitərəfli dialoqa keçməsi isə Kremlin bu rıçağını əhəmiyyətli dərəcədə zəiflətdi.
Rusiya Xarici İşlər Nazirliyinin müxtəlif üçtərəfli platformalar yaratmaq cəhdləri gözlənilən nəticəni vermədi. Münaqişə tarixindən etibarən ilk dəfə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana rəsmi işgüzar səfəri baş tutdu və İrəvanda birbaşa müzakirələr aparıldı. Bakı ilə İrəvan arasında birbaşa təmasların intensivləşməsi Moskvanın vasitəçilik imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdı”.
Politoloqun sözlərinə görə, Rusiya üçün ən ciddi geostrateji itkilərdən biri Zəngəzur dəhlizi üzərində fiziki nəzarət imkanının zəifləməsi oldu:
“Moskva 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu maddəsinə istinad edərək kommunikasiya xəttində Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nəzarətini tələb edirdi. Lakin Vaşinqtonda razılaşdırılan yeni idarəetmə modeli Rusiyanın bu istiqamətdəki iddialarını əhəmiyyətli dərəcədə arxa plana keçirdi.
Beləliklə, Moskva nəinki Zəngəzur dəhlizinə nəzarət etmək imkanını itirdi, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində tənzimləyici rolunu qorumaq baxımından da ciddi problemlə üzləşdi”.
Ekspert bildirib ki, Azərbaycanın Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırması da bu baxımdan mühüm addım idi:
“Azərbaycan ərazisindən Ermənistana buğda tranzitinin açılması və birbaşa yanacaq tədarükünün başlaması İrəvanın Rusiyadan iqtisadi asılılığının azalmasına əlavə imkanlar yaratdı. Bununla da Rusiyanın Ermənistan üçün əsas iqtisadi və təhlükəsizlik dayağı olması ilə bağlı formalaşmış təsəvvür də ciddi şəkildə sarsıldı.
Ermənistanın Rusiya ilə hərbi-siyasi münasibətlərində məsafə yaratması, KTMT çərçivəsində fəaliyyətini faktiki olaraq dondurması və Qərblə inteqrasiyanı sürətləndirməsi də bu prosesin mühüm elementlərindəndir. Son bir il ərzində baş verən proseslər və verilən siyasi mesajlar Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin əvvəlki səviyyədə olmadığını göstərir.
Tramp da Vaşinqton sammitindən sonra regiona müharibə və asılılıq deyil, investisiya və ticarət gətiriləcəyini vurğuladı. Bu yanaşma Moskvanın uzun illər regionda tətbiq etdiyi təsir modelindən ciddi şəkildə fərqlənir.
Bakir Həsənbəyli
B.Həsənbəyli deyib ki, Moskvanın Cənubi Qafqaz siyasətinin əsas xüsusiyyətlərindən biri uzun müddət regiondakı qarşıdurmalardan özünün siyasi və hərbi təsir imkanlarını qorumaq üçün istifadə etməsi olub:
“Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, ardınca isə Bakı və İrəvan arasında birbaşa dialoqun güclənməsi bu modelin əsas dayaqlarını aradan qaldırdı.
Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə başlayan proses Bakı və İrəvanın Moskvanın regiondakı təsir rıçaqlarından kənar, birbaşa münasibətlər qurması ilə yeni mərhələyə keçdi. Zəngəzur dəhlizi üzərində Rusiyanın nəzarəti ilə bağlı planların reallaşmaması, iqtisadi rıçaqlarının zəifləməsi və diplomatik vasitəçilik imkanlarının məhdudlaşması fonunda Moskvanın Cənubi Qafqazda əvvəlki rolunu qoruması çətinləşir.
Bu baxımdan, Rusiya hazırda regionda prosesləri əvvəlki kimi müəyyənləşdirən əsas aktordan daha çox, dəyişən geosiyasi reallıqlara uyğunlaşmağa çalışan tərəf təsiri bağışlayır”.
Politoloq vurğulayıb ki, bütün bunlar Rusiyanın avtomatik olaraq dağılacağı anlamına gəlmir:
“Rusiya hələ də böyük hərbi potensiala, nüvə arsenalına, geniş əraziyə və mühüm təbii resurslara malik dövlətdir. Üstəlik, bu ölkənin mövcudluğu hələ də qlobal təhlükəsizlik arxitekturasında müəyyən aktorların maraqlarına cavab verir. Buna görə də Moskvanın Cənubi Qafqazdakı təsirinin zəifləməsi ilə Rusiyanın dövlət kimi süqutu arasında birbaşa səbəb-nəticə əlaqəsi qurmaq doğru olmaz.
Əsas məsələ Azərbaycanın “Rusiyasız gələcək” modelinin Rusiyanın yox olması deyil, Bakının öz iqtisadi, nəqliyyat və geosiyasi gələcəyini mümkün qədər Moskvanın təsirindən asılı olmadan qurmağa çalışmasıdır. Bu isə Azərbaycanın xarici siyasətində son illərdə müşahidə olunan ən mühüm tendensiyalardan biri kimi qiymətləndirilə bilər”.
Turan Rzayev
Globalinfo.az