Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib. O, regionda həyata keçirilən layihələrlə tanış olub, bir sıra mühüm dövlət və infrastruktur obyektlərinin təməlqoyma mərasimlərində iştirak edib. Səfər zamanı səsləndirilən mesajlar Naxçıvanın iqtisadi inkişafı, investisiya imkanlarının genişləndirilməsi və bölgənin ölkənin ümumi iqtisadi sisteminə daha fəal inteqrasiyası baxımından diqqət çəkib.
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Prezident İlham Əliyevin Naxçıvan səfərini iqtisadi baxımdan yalnız ayrı-ayrı infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimləri kimi qiymətləndirmək düzgün olmaz:
“Səfər Naxçıvanın iqtisadi modelinin dəyişdirilməsi və muxtar respublikanın daha geniş regional iqtisadi sistemə inteqrasiyası baxımından mühüm mesajlar verir. Burada əsas xətt Naxçıvanın uzun müddət məhdud nəqliyyat imkanları və blokada şəraitinin yaratdığı problemlərdən çıxarılaraq tranzit, enerji, sənaye, logistika və investisiya mərkəzinə çevrilməsidir.
Naxçıvanın iqtisadi inkişafında ən böyük məhdudiyyətlərdən biri uzun illər Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması olub. Bu, daşınma xərclərini artırıb, məhsulların bazarlara çıxışını çətinləşdirib və investorlar üçün əlavə risk yaradıb. Nəqliyyat bağlantılarının genişlənməsi və xüsusilə TRIPP layihəsinin reallaşması bu problemi əhəmiyyətli dərəcədə dəyişə bilər. Naxçıvanın Türkiyə, Azərbaycan və daha geniş Şərq-Qərb nəqliyyat marşrutlarına inteqrasiyası onun coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirə bilər.
TRIPP-in iqtisadi əhəmiyyəti təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılmasından ibarət deyil. Əgər layihə tam reallaşarsa, Naxçıvan regional tranzit zəncirinin bir hissəsinə çevrilə bilər. Bu isə yükdaşımaların, logistika xidmətlərinin, anbarçılığın, gömrük və digər xidmət sektorlarının inkişafına şərait yaradar. Əsas məsələ isə tranzitdən gələn gəlirlərin yerli iqtisadiyyatda qalmasını təmin etməkdir. Bunun üçün logistika mərkəzləri, sənaye müəssisələri və ixracyönümlü istehsal sahələri paralel inkişaf etməlidir”.
İqtisadçının sözlərinə görə, Naxçıvanın enerji sektorunda baş verən dəyişiklik də xüsusi əhəmiyyət daşıyır:
“Bərpa olunan enerji layihələrinin genişləndirilməsi muxtar respublikanın enerji təminatında idxaldan asılılığını azaltmağa imkan verir. Əgər generasiya gücləri daxili tələbatı tam təmin edəcək səviyyəyə yüksələr və enerji şəbəkəsi gücləndirilərsə, Naxçıvan gələcəkdə artıq enerji potensialını digər bazarlara çıxara biləcək vəziyyətə gələ bilər. Bu, həm enerji təhlükəsizliyi, həm də yeni investisiyalar baxımından mühüm üstünlükdür.
Burada diqqətçəkən məqam odur ki, Naxçıvanda enerji layihələri yalnız elektrik istehsalı məsələsi kimi qəbul edilməməlidir. Ucuz və sabit enerji sənaye müəssisələrinin fəaliyyətinə birbaşa təsir edir. Enerji təminatı yaxşılaşdıqca emal sənayesinin, kənd təsərrüfatı məhsullarının emalı və soyudulması, logistika və digər enerji tutumlu sahələrin inkişafı üçün imkanlar genişlənir.
Səfərdən verilən iqtisadi mesajlardan biri də Naxçıvanın dövlət investisiyalarından özəl investisiyalara keçid imkanlarının artırılmasıdır. İnfrastruktur dövlət tərəfindən yaradıldıqca biznes üçün giriş xərcləri azalmalıdır. Lakin növbəti mərhələdə əsas göstərici dövlətin nə qədər vəsait xərcləməsi deyil, bu investisiyaların nə qədər özəl kapital cəlb etməsidir. Yəni yeni yolların, enerji obyektlərinin və sənaye infrastrukturlarının arxasınca yeni müəssisələr, iş yerləri və ixrac imkanları gəlməlidir”.
A.Nəsirli qeyd edib ki, Naxçıvanın iqtisadiyyatında turizm də əlavə istiqamət ola bilər:
“Nəqliyyat əlaqələrinin yaxşılaşması, otel və xidmət infrastrukturunun genişlənməsi, tarixi və təbii imkanlardan daha səmərəli istifadə Naxçıvanı daxili və regional turizm üçün daha cəlbedici edə bilər. Burada xüsusilə Türkiyə bazarı böyük potensiala malikdir.
Səfərin regional iqtisadi əhəmiyyəti də böyükdür. Naxçıvanın Türkiyə ilə daha sıx iqtisadi bağlantıya malik olması Azərbaycan–Türkiyə ticarət əlaqələrini genişləndirə, eyni zamanda Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni nəqliyyat zəncirlərinə əlavə imkanlar yarada bilər. Beləliklə, Naxçıvan yalnız Azərbaycanın digər əraziləri ilə əlaqələndirilən muxtar respublika deyil, regional tranzit sisteminin aktiv iştirakçısına çevrilə bilər.
Lakin bu potensialın avtomatik reallaşacağını düşünmək olmaz. TRIPP və digər nəqliyyat layihələrinin həyata keçirilməsi üçün siyasi razılaşmalarla yanaşı, böyük həcmdə investisiya, infrastruktur tikintisi, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, logistika sisteminin qurulması və biznes mühitinin yaxşılaşdırılması lazımdır. Əsas nəticə layihələrin elan olunmasından deyil, onların nə qədər sürətlə və səmərəli icra edilməsindən asılı olacaq”.
Ekspertin fikrincə, Prezidentin Naxçıvan səfərinin iqtisadi mesajını belə qiymətləndirmək olar:
“Naxçıvan üçün əsas prioritet artıq sadəcə mövcud iqtisadiyyatın qorunması deyil, onun yeni nəqliyyat, enerji və regional inteqrasiya imkanları əsasında yenidən qurulmasıdır. Əgər bu siyasət ardıcıl şəkildə həyata keçirilərsə, Naxçıvanın iqtisadiyyatı yalnız dövlət büdcəsindən maliyyələşən sosial və infrastruktur layihələrindən asılı modeldən tranzit, sənaye, enerji, logistika, turizm və özəl investisiyalara əsaslanan daha çoxşaxəli modelə keçə bilər.
Bu baxımdan səfərin real nəticəsini yaxın illərdə üç əsas göstərici ilə ölçmək mümkün olacaq: Naxçıvanın Azərbaycan və Türkiyə ilə nəqliyyat bağlantılarının nə qədər sürətlə genişlənməsi, yeni enerji və sənaye güclərinin nə qədər investisiya və iş yeri yaratması, həmçinin Naxçıvandan digər regionlara və xarici bazarlara ixracın nə qədər artması. Bu üç istiqamətdə real irəliləyiş əldə olunarsa, səfərdən verilən “Naxçıvanda yeni inkişaf mərhələsi başlayır” mesajının iqtisadi baxımdan konkret nəticələrə çevrildiyini söyləmək mümkün olacaq”.
Safura Bənnayeva
Globalinfo.az