Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyi (FHN) yazıçı Kəramət Böyükçölə məxsus obyektlərin istismarına icazə verib. Bu məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Müzakirələr zamanı bəzi istifadəçilər Kəramət Böyükçölün vaxtilə AĞ Partiyanın sədri Tural Abbaslını hökumətdən pul almaqda ittiham etdiyini xatırladaraq, hazırda onun özünün dövlətdən dəstək aldığını iddia ediblər.
Bəs Tural Abbaslı məsələ ilə bağlı nə düşünür?
Globalinfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, cəmiyyətdə zaman-zaman yazıçılarla siyasətçilərin qarşı-qarşıya qoyulmasına cəhdlər edilir:
“Ola bilsin ki, həmin şəxs də müəyyən vaxtlarda belə bir yanaşmanın tərkib hissəsi olub. Lakin bu məsələ maraq dairəmdən kənardadır. O, illərdir mənim haqqımda müxtəlif fikirlər səsləndirib, şər və böhtan xarakterli ifadələr işlədib. Buna baxmayaraq, həmin vaxt da buna xüsusi əhəmiyyət verməmişəm, indi də məsələyə münasibət bildirmək niyyətində deyiləm. Həmin şəxsin var-dövləti varsa, özü bilər, yoxdursa, yenə özü bilər. Onu dəstəkləyənlər də, əleyhdarları da öz mövqelərini müəyyənləşdirə bilərlər. Mənim üçün o, sadəcə Azərbaycan vətəndaşıdır”.
T.Abbaslı qeyd edib ki, Kəramət Böyükçöl özünü yazıçı adlandırır, yazır, kitab satır və fəaliyyət göstərir:
“Mənim üçün əsas məsələ budur ki, həmin şəxsin siyasi proseslərə aidiyyəti yoxdur. O, mənim siyasi opponentim və ya siyasi rəqibim deyil. Buna görə də onunla bağlı mövqe bildirməyi nə öz adımdan, nə də siyasi partiya olaraq doğru hesab edirəm. Hər kəs öz əməlinə və fəaliyyətinə görə cavabdehdir. Cəmiyyət qarşısında cavab vermək istəyirsə, verər, istəmirsə, bu da onun öz seçimidir. Bizim bu məsələyə xüsusi marağımız yoxdur”.
Qeyd edək ki, Kəramət Böyükçölə məxsus üç qeyri-yaşayış obyektinin ümumi sahəsi 1 478 kvadratmetrdir. Bazar qiymətləri nəzərə alınarsa, obyektlərin ümumi dəyərinin minimum 300-400 min manat olduğu ehtimal edilir.
Üç binadan ibarət qeyri-yaşayış obyektlərindən ən böyüyünün tikinti sahəsi 1 250 kvadratmetrdir. Digər iki obyektin tikinti sahəsi isə müvafiq olaraq 191 və 37 kvadratmetrdir. Hər üç obyekt bir mərtəbədən ibarətdir.
FHN “Entre” MMC tərəfindən hazırlanan layihə əsasında tikilən binalara 22 iyun 2026-cı il tarixli, 13160 nömrəli istismara hazırlıq rəyi verib.
Obyektlərin sahibi yazıçı Kəramət Böyükçöldür (Nəcəfov Kəramət Qəşəm oğlu).
Leyla Əlisoy
Globalinfo.az