Yəməndə husi üsyançılarının hökumət qüvvələrinin mövqelərinə təşkil etdiyi raket və pilotsuz uçuş aparatı hücumları nəticəsində azı 38 hərbçi həlak olub, 29 nəfər isə yaralanıb.
Globalinfo.az xəbər verir ki, hücumlar Mərib vilayətinin Əl-Ruvayk bölgəsində yerləşən hərbi düşərgəyə, eləcə də Hədrəmovt vilayətində Səudiyyə Ərəbistanı sərhədinə yaxın yerləşən Əl-Abr və Əl-Vədiə bölgələrindəki hərbi bazalara yönəlib.
Hərbi mənbələrin bildirdiyinə görə, raketlərdən biri Məribdə əsgərlərin səhər sıra düzülüşü zamanı düşərgəyə düşüb və itkilərin çox olmasına səbəb olub.
Bildirilir ki, bu hadisə son illərdə Yəmən hökumət qüvvələri ilə husi üsyançıları arasında baş verən ən qanlı hücumlardan biri hesab olunur.
Tahir Turan
Globalinfo.az