ankara baki 1 900x519 1

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Türkiye Gazetesi”nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş məqalədə fikirlərinin təhrif olunduğunu açıqlayıb. Prezidentin köməkçisi Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə görüşün maraqlı keçdiyini, lakin onun adına istinadən yayılan bir sıra fikirlərin təhrif edildiyini bildirib.

O vurğulayıb ki, Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür.

Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, informasiya savaşı, məsələnin mahiyyətinin təhrif olunması və bilərəkdən yol verilən məlumat kirliliyi təkcə Azərbaycan-Türkiyə münasibətlərində alət kimi istifadə olunmur:

“Rusiya-Ukrayna, ABŞ-İsrail-İran savaşı və yaxud dövlətlərin daxili siyasəti ilə bağlı məsələlər də daxil olmaqla, bəzi media subyektləri yalan-yanlış məlumatlarla cəmiyyəti, ictimaiyyəti yanlış yönə çəkməyə çalışırlar. Bir çox məqamlarda buna müvəffəq də olurlar. Lakin şübhəsiz ki, bir dövlətin güclü olması sadəcə hərbi, siyasi və iqtisadi baxımdan başa düşülməməlidir. Müasir dövrdə informasiya sahəsində də öndə dayanmağı qətiyyətlə bacaran aktorlar udan tərəf olurlar. Bu, yumşaq güc deməkdir. Bu istiqamətdə Azərbaycanın Zəfəri olsun, indiki reallığımız olsun, bütün bunları təmin edən əsas amillərdən biri də informasiya sahəsində əldə etdiyimiz uğurlar və prinsipial mövqedir”.

sebnem hesenova 900x506 4

Şəbnəm Həsənova

Politoloq xatırladıb ki, Prezidentin köməkçisi Hikmət Hacıyev istər Vətən müharibəsi dövründə, istərsə də ondan sonra bir çox beynəlxalq media orqanına verdiyi müsahibələrlə Azərbaycanın maraqlarını layiqincə müdafiə edib:

“Bu gün dövlət başçımızın ətrafında formalaşdırılan komanda kifayət qədər peşəkar, yüksək intellektə malik olmaqla yanaşı, həm də və ən önəmlisi vətənpərvər, torpağa, yurda və dilimizə bağlı insanlardır.

Türkiyə ilə Azərbaycan arasında müəyyən məsələlər üzərindən nifaq salmağa çalışan qüvvələr hər zaman olub və bundan sonra da olacağı istisna deyil. Azərbaycan və Türkiyənin böyüklüyü, qardaşlığı fonunda təxribat məzmunlu addımlara cəhd etmək cılız cəhdlərdir. Türkiyə-Azərbaycan birliyi inkarolunmaz reallıqdır, bizim gördüyümüz və duyduğumuz bir həqiqətdir. Bu istiqamətdə istənilən Azərbaycan rəsmisinin açıqlamalarının kontekstdən çıxarılaraq təqdim olunması düzgün deyil. Buna Fələstin-İsrail məsələsində də cəhd etdilər, nail ola bilmədilər”.

Ş.Həsənova bildirib ki, məsələlərin kontekstdən çıxarılaraq təqdim edilməsinə dərhal reaksiya verildi:

“İnformasiya savaşının davam etdiyi bir vaxtda hər bir peşəkar jurnalist atdığı addımlara son dərəcə həssas yanaşmalıdır. Bu situasiyada da olduğu kimi, bilərəkdən və ya bilməyərəkdən edilən istənilən cəhdin qarşısı dərhal alındı”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: