Monqolustanın paytaxtı Ulan-Batorda yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Sənaye və Mineral Ehtiyatlar naziri Qanbold Damdinnam məlumat verib.
Məhdudiyyətlər avqustun 15-dək qüvvədə olacaq.
Yeni qaydalara əsasən, yanacaq avtomobillərin dövlət qeydiyyat nişanlarının cüt və tək olmasına uyğun satılacaq.
Bundan əlavə, bir dəfəyə alınacaq yanacağın məbləği 50 min tuqriklə (təxminən 14 ABŞ dolları) məhdudlaşdırılıb.
Nazirin sözlərinə görə, hökumət yanacaq tədarükünü artırmaq üçün Çin, Sinqapur və Cənubi Koreya ilə danışıqlar aparır.
Cənubi Koreya ilə artıq hər ay 10 min ton aviasiya yanacağı və 20 min ton Aİ-92 markalı benzinin tədarükü barədə razılıq əldə olunub.
“Yaranmış vəziyyətə görə üzr istəyirik. Son 30-40 ildə belə hal yaşanmamışdı. Mümkün olan bütün ölkələrlə danışıqlar aparırıq. Qazaxıstan imtina etdi, hazırda Çin və Sinqapurla müzakirələr gedir, Cənubi Koreya ilə isə artıq razılıq əldə olunub”, – deyə Damdinnam bildirib.
Nazir xatırladıb ki, əvvəlki hökumətlər 3-6 aylıq strateji yanacaq ehtiyatı yaratmağı planlaşdırsa da, bu məqsəd həyata keçirilməyib.
Qeyd edək ki, 2025-ci ildə ölkədə yanacaq haqqında xüsusi qanun qəbul edilib. Həmin qanuna əsasən, ümumi tutumu 300 min ton olan 22 yanacaq anbarının tikintisi aparılır. Onlardan 150 min tonluq saxlama gücünün ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Xatırladaq ki, bundan əvvəl Rusiyada da yanacaq satışına müəyyən məhdudiyyətlər qoyulmuşdu.
Əliyar Xəlil
Globalinfo.az