par

Ermənistan parlamentinin IX çağırışının iclası tarixdə ilk dəfə bütün ermənilərin katolikosunun tədbirə dəvət edilməməsi səbəbindən qalmaqalla başlayıb.

Globalinfo.az xəbər verir ki, iclas parlamentin “YouTube” kanalında canlı yayımlanıb.

Ermənistan qanunvericiliyinə əsasən, parlamentin ilk sessiyasının açılışında respublika prezidenti və bütün ermənilərin katolikosu salamlama nitqi ilə çıxış etmək hüququna malikdir.

Katolikosun iclasda iştirak etməməsi müxalifət deputatlarının narazılığına səbəb olub.

Müxalifət nümayəndələri yerlərindən “Katolikos haradadır?” deyə səslənərək etiraz ediblər və bundan sonra zalda söz atışması başlayıb.

İclasa sədrlik edən ən yaşlı deputat Knyaz Hasanov bildirib ki, iclasın gedişinə mane olmağa davam etsələr, onlara xəbərdarlıq ediləcək.

O, ikinci qayda pozuntusu halında daha sərt tədbirlərin görüləcəyini də vurğulayıb.

Bundan sonra müxalifət sakitləşib və deputat andını içib.

Qeyd edək ki, bu gün Ermənistanda IX çağırış parlamentin ilk iclası keçirilir. Konstitusiyaya uyğun olaraq, yeni parlamentin fəaliyyətə başlaması ilə hökumət istefa verir və ölkədə yeni hakimiyyətin formalaşdırılması prosesi başlayır.

Bu çərçivədə parlament rəhbərliyi seçiləcək, daha sonra isə yeni baş nazirin təyin olunması və hökumətin formalaşdırılması proseduru həyata keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: