zefer qelebe

2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər təkcə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnmədi, həm də regionda yeni siyasi-hüquqi reallıqlar formalaşdırdı.

Müharibə dövründə və ondan əvvəl Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri beynəlxalq hüquq müstəvisində araşdırılması və obyektiv qiymətləndirilməsi vacib olan məsələlər sırasındadır. Bu həqiqətlərin beynəlxalq ictimaiyyətə sistemli şəkildə çatdırılması, dezinformasiyaya qarşı hüquqi və informasiya müstəvisində mübarizənin gücləndirilməsi, eləcə də tarixi faktların qlobal auditoriyaya düzgün təqdim edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət kəsb edir.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər regionda yeni siyasi reallıqlar formalaşdırdı:

“Bu qələbə beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın haqq mübarizəsi nəticəsində uzun illər işğal altında qalmış torpaqlar azad edildi, ölkənin suveren hüquqları bərpa olundu və BMT Təhlükəsizlik Şurasının uzun illər icra edilməyən qətnamələrinin tələbləri faktiki olaraq yerinə yetirildi. Bununla yanaşı, Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyət regionda əməkdaşlıq, təhlükəsizlik və davamlı sülh perspektivlərinin formalaşması üçün də yeni imkanlar yaratdı.

Tarixi Zəfər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da möhkəmlənməsinə, ölkənin siyasi nüfuzunun artmasına və milli maraqların müdafiəsində prinsipial mövqeyinin güclənməsinə mühüm töhfə verdi. Eyni zamanda, Vətən müharibəsi Azərbaycanın milli həmrəyliyinin, dövlət-vətəndaş birliyinin və peşəkar ordusunun gücünün nümayişi olmaqla yanaşı, müasir dövrdə informasiya mübarizəsinin də nə qədər mühüm əhəmiyyət daşıdığını göstərdi. Bu baxımdan, əldə olunan Zəfərin siyasi, hüquqi və humanitar aspektlərinin beynəlxalq ictimaiyyətə düzgün və ardıcıl şəkildə çatdırılması, həqiqətlərin faktlara əsaslanaraq təqdim edilməsi mühüm vəzifələrdən biri olaraq qalır”.

zuriye qarayeva 900x600 1

Politoloq qeyd edib ki, müharibə dövründə və ondan sonrakı mərhələdə beynəlxalq informasiya məkanında Azərbaycanın mövqeyinin obyektiv şəkildə təqdim olunması, dezinformasiyaya qarşı operativ və əsaslandırılmış cavabların verilməsi xüsusi aktuallıq kəsb edib:

“Tarixi hadisələrin təhrif olunmasının qarşısının alınması, beynəlxalq auditoriyanın regionda baş vermiş proseslər barədə dolğun və obyektiv məlumatlandırılması, eləcə də Azərbaycanın haqlı mövqeyinin müxtəlif platformalarda sistemli şəkildə izah edilməsi dövlətin informasiya siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.

Eyni zamanda, Ermənistanın uzun illər ərzində törətdiyi müharibə cinayətləri, mülki əhaliyə qarşı həyata keçirdiyi hücumlar, yaşayış məntəqələrinin raket atəşinə tutulması, mina terroru, ekoloji və mədəni irsin dağıdılması, eləcə də digər sülh və insanlıq əleyhinə əməllər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Bu cinayətlərin siyasi, hüquqi və humanitar nəticələrinin beynəlxalq ictimaiyyətə ardıcıl şəkildə təqdim olunması, onların beynəlxalq hüquq normaları kontekstində qiymətləndirilməsi və məsuliyyət məsələsinin gündəmdə saxlanılması tarixi ədalətin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu faktların beynəlxalq hüquqi müstəvidə sistemli şəkildə sənədləşdirilməsi, aidiyyəti beynəlxalq təşkilatlara təqdim olunması, müxtəlif beynəlxalq platformalarda müzakirəyə çıxarılması və geniş auditoriyaya çatdırılması həm tarixi həqiqətlərin qorunmasına, həm də gələcəkdə bu kimi cinayətlərin cəzasız qalmaması prinsipinin möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, Ermənistanın törətdiyi qanunsuz əməllərin hüquqi qiymət alması beynəlxalq humanitar hüququn aliliyinin təmin olunması və münaqişələr zamanı mülki əhalinin müdafiəsi prinsiplərinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin siyasi-hüquqi nəticələrinin, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinin, eləcə də Ermənistan tərəfindən törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə ardıcıl, sistemli və faktlara əsaslanan şəkildə çatdırılması dövlətin milli maraqlarının müdafiəsi, tarixi həqiqətlərin qorunması və regionda dayanıqlı sülhün təşviqi baxımından prioritet istiqamətlərdən biri olaraq qalır”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

azerbaycan respublikasinin medianin inkisafi agentliyinin beyanati 900x570 1

Turan Rzayev
Globalinfo.az

Paylaş: