biskek

Azərbaycanla Qırğızıstan arasında münasibətlər hazırda tarixinin ən yüksək səviyyəsindədir. Əvvəllər əsasən ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan bu münasibətlər son illərdə aydın strukturlaşdırılmış, praqmatik və dinamik inkişaf edən strateji tərəfdaşlığa çevrilib.

Bu gün Bakı ilə Bişkek yalnız ən yüksək səviyyədə sabit siyasi dialoqu qorumaqla kifayətlənmir, həm də dərin iqtisadi inteqrasiya üçün institusional əsaslar qoyurlar. Azərbaycan–Qırğızıstan münasibətləri dərin tarixi köklərə malikdir, ortaq dilə, mədəni və mənəvi dəyərlərə əsaslanır.

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Azərbaycan–Qırğızıstan münasibətlərinin ikitərəfli vizyonu strateji səviyyədə irəliləyir.

“Gələcəkdə iki ölkə arasındakı münasibətlərin daha da genişlənəcəyi, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığın dərinləşəcəyi ehtimal olunur.

Azərbaycan–Qırğızıstan münasibətlərinə Türk Dövlətləri Təşkilatının yeni dünya nizamındakı yeri və böyük güclərin təşkilata artan diqqəti fonunda baxmaq olar. Hər iki ölkə tarixi, mədəni və siyasi əlaqələri daha da inkişaf etdirərək yeni ortaq vizyon formalaşdırmağı hədəfləyir”.

Politoloq qeyd edib ki, Azərbaycanın yeni xarici siyasət kursunda Türk Dövlətləri Təşkilatı ilə münasibətlərin dərinləşdirilməsi xüsusi yer tutur:

“Bu münasibətlərin institusionallaşdırılması əsas prioritet istiqamətlərdən biri olaraq qalır. İki ölkə arasında münasibətlər hər zaman yaxşı olub. Bundan sonra da türk dünyası kontekstində bu münasibətlər Avrasiya regionunda yeni imkanlar prizmasından qiymətləndiriləcək.

aqsin kerimov 900x600 1

Aqşin Kərimov

Biz Qırğızıstanın müxtəlif güc mərkəzləri ilə münasibətlərinə də baxmalıyıq. Xüsusilə Çinlə münasibətlər kontekstində Qırğızıstan–Azərbaycan əlaqələrinin xarakteri və gücü fərqli nəticələrə gətirib çıxara bilər. Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyət istiqamətlərini və prinsiplərini, eləcə də bütün regionları əhatə edəcək planlarını müxtəlif ölkələrlə müzakirə etməyə davam edəcək”.

A.Kərimov qeyd edib ki, Qırğızıstan işğaldan azad edilmiş Qarabağın bərpasında aktiv rol olan dövlətlərdən biri olaraq da xüsusi diqqət çəkir:

“Qırğızıstanın maliyyə dəstəyi ilə Ağdamın Xıdırlı kəndində Ayköl Manas adına orta məktəb tikilib. Artıq həmin məktəbdən 12 şagird məzun olub.

Bundan başqa, bu ölkənin paytaxtı Bişkekdə Azərbaycanın maliyyə dəstəyi ilə Dostluq parkı, orta məktəb və Heydər Əliyev adına Məktəb-Gimnaziya Kompleksi tikilib, fəaliyyətə başlayıb.

Göründüyü kimi, ölkələrimiz arasındakı münasibətlər bu günün deyil, həm də gələcəyin reallıqları üzərində qurulub”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: