ehali

Tənhalıq artıq brendə çevrilib. Bu, bir vaxtlar insanların gizlətməyə çalışdığı hiss hesab olunurdu. İndi isə vəziyyət dəyişib. Artıq Azərbaycanda da sosial şəbəkələrdə tək yaşamağı, dostsuz olmağı və bütün vaxtını özünə həsr etməyi nümayiş etdirən minlərlə paylaşım görülür, bu yolla minlərlə baxış toplanılır. Hətta “loneliness influencer” (tənhalıq influnseri) adlandırılan yeni kontent növü yaranıb. 

Bu cür durum cəmiyyət üçün nə vəd edir?

Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova deyib ki, tənhalığın sosial şəbəkələrdə trendə çevrilməsi müasir dövrün maraqlı psixoloji və sosial fenomenlərindən biridir:

“Bir tərəfdən, bu tendensiya insanların tək qalmaqla bağlı utanma və damğalanma hissini azalda bilər. İnsanlar başa düşürlər ki, müəyyən dövrlərdə tək olmaq normaldır və hər zaman geniş sosial çevrəyə sahib olmaq xoşbəxtliyin yeganə göstəricisi deyil. Lakin burada vacib bir məqam var. Tək qalmaq ilə tənhalıq fərqli anlayışlardır. Tək qalmaq insanın şüurlu seçimi ola bilər və şəxsi inkişaf, yaradıcılıq və emosional bərpa üçün faydalıdır. Tənhalıq isə insanın ehtiyac duyduğu emosional yaxınlıq və sosial əlaqələrin çatışmazlığı nəticəsində yaranan ağrılı hissdir. Sosial şəbəkələrdə tənhalığın romantikləşdirilməsi bəzi risklər də yarada bilər. Xüsusilə gənclər belə məzmunları izləyərək sosial münasibətlərə ehtiyac duymamağın ideal həyat tərzi olduğunu düşünürlər. Halbuki insan sosial varlıqdır və uzunmüddətli sosial izolyasiya depressiya, narahatlıq, özünəinamın azalması və psixoloji rifahın zəifləməsi ilə əlaqələndirilir”.

zeyneb

Zeynəb Əyyubova

Psixoloq bildirib ki, cəmiyyət üçün əsas vəzifə tənhalığı dəb halına gətirmək yox, insanların həm özləri ilə sağlam münasibət qurmasını, həm də keyfiyyətli sosial əlaqələr yaratmasını təşviq etməkdir:

“Sağlam psixoloji vəziyyət nə daim insanlarla əhatələnməkdə, nə də tam təcriddə yaşamaqdadır. Əsas balansdır, yəni insan həm tək qala, həm də ehtiyac duyduqda emosional yaxınlıq və dəstək ala bilməlidir. Bu səbəbdən tənhalığın brendləşməsi bizə bir mesaj verir – insanlar daha çox özlərinə vaxt ayırmaq istəyirlər. Ancaq bunu sosial əlaqələrdən tam uzaqlaşmaq kimi deyil, özünüdərk və sağlam münasibətlər arasında balans yaratmaq kimi dəyərləndirmək daha doğru olar”.

Ləman İmran
Globalinfo.az

Paylaş: