İsrailin diaspor məsələləri naziri Amixay Şikli Türkiyə ilə birbaşa hərbi qarşıdurma ehtimalını istisna etmədiyini bildirib. Şiklinin sözlərinə görə, Aralıq dənizində Türkiyə və İsrail hərbi qüvvələri arasında birbaşa toqquşma ssenarisi mümkündür və belə bir hadisənin yaxın gələcəkdə baş verməsi ehtimalı da nəzərə alınmalıdır.
Globalinfo.az-a danışan analitik Elnur Ənvəroğlu deyib ki, Türkiyə ilə İsrail arasında birbaşa hərbi qarşıdurma mümkündür, amma yaxın perspektivdə genişmiqyaslı müharibənin baş vermə ehtimalı aşağıdır:
“Mənə görə ən real ssenari Suriyada hava məkanını, hərbi bazaları, dronları və ya proksi qüvvələri əhatə edə biləcək məhdud qarşıdurma, yaxud təhlükəli hərbi insident ola bilər.
İsrailin Diaspor Məsələləri naziri Amixay Şiklinin verdiyi bu bəyanatı qeyri-ciddi saymıram. Sadəcə müharibə ilə qarşıdurmanın fərqi olduqca böyükdür. Əslində, nə İsrail, nə də Türkiyə müharibə etmək niyyətindədir. Bu qarşıdurmaya İsraili vadar edən əsas səbəblərdən biri Türkiyənin Suriyada genişlənən hərbi və siyasi roludur. Türkiyə Suriyada sabit və dost münasibətlərə malik bir hökumətin olmasını istəyir, bu ölkədə hərbi və siyasi təsirini qorumaqda ciddi maraqlıdır. İsrail isə öz növbəsində Suriyada hərbi əməliyyatlar həyata keçirir və mövqelərini qoruyur. İsrail bunu təhlükəsizliyini təmin etmək və “düşmən” qüvvələrin sərhədlərinə yaxınlaşmasının qarşısını almaq zərurəti ilə əsaslandırır”.

Elnur Ənvəroğlu
Analitik bildirib ki, Ankara İsrailin fəaliyyətinə qarşı mövqeyini getdikcə daha açıq şəkildə ifadə edir:
“Hətta bir nüansı da xatırladım ki, iyun ayında Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin Suriya və Livandakı hərbi əməliyyatlarının Türkiyənin təhlükəsizliyinə təhdid yaradacaq səviyyəyə çatdığını bildirib. Türkiyə Xarici İşlər Nazirliyi də İsrailin Suriyanın cənubuna zərbələr endirməsini pisləyərək bunun Suriya ərazi bütövlüyünü və suverenliyini pozduğunu vurğulayıb. Bir sözlə, İsraili bu ritorikaya vadar edən səbəblər bunlardır. Lakin uzunmüddətli Türkiyə–İsrail müharibəsi tamamilə fərqli və deyiləcək qədər sadə olmayan məsələdir. Hər iki ölkənin belə bir nəticədən yayınmaq üçün güclü motivləri var. Türkiyə NATO-nun əsas üzvlərindən biridir, İsrail isə Vaşinqtonla yaxın strateji münasibətlərə malikdir. Fikrimcə, birbaşa müharibə ABŞ və Avropa üçün böyük diplomatik və hərbi fəsadlar yaradaraq, eyni zamanda bütün Şərqi Aralıq dənizi və Yaxın Şərqdə sabitliyi poza bilər.
Hətta Şiklinin bu fikirləri ilə paralel olaraq deyə bilərəm ki, Ankara və Təl-Əviv öz hərbi qüvvələri arasında anlaşılmazlıqların qarşısını almaq üçün texniki əlaqələri qoruyub saxlamağa çalışır. Eyni zamanda, İsrailin iştirakı ilə Suriya məsələsində danışıqlar da davam edib, baxmayaraq ki, bu proses hazırda ciddi çətinliklərlə müşayiət olunmaqdadır”.
Turan Rzayev
Globalinfo.az