baki foto 1

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi sürücü vəzifəsi üzrə vakansiya elan edib. Elan qısa müddətdə ictimaiyyətin diqqətini cəlb edib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Təkcə Globalinfonun “Instagram” hesabında bu paylaşıma 500 mindən artıq insan baxıb. Bu isə o deməkdir ki, vakansiya elanına maraq həddən artıq böyükdür.

Maraqlıdır ki, Böyük Britaniya səfirliyinin bu elanı ilə bağlı redaksiyamızın telefonlarına, o cümlədən saytın sosial şəbəkələrinə yazan xeyli vətəndaşımız var. Onlar da həmin elanın mahiyyəti ilə maraqlanır, hara və necə müraciət etməli olduqlarını soruşurlar.

Vakansiyaya əsasən, sürücü yarımştat və müddətli əmək müqaviləsi əsasında işə götürüləcək. İş çevik qrafiklə təşkil olunacaq və əməkdaş yalnız ehtiyac yarandıqda işə cəlb ediləcək.

Müzakirələrin əsas mövzusu isə təklif olunan əməkhaqqıdır. Vakansiyada saatlıq əməkhaqqının vergilər daxil olmaqla 6,81 ABŞ dolları (təxmini 11 manat) olduğu, ödənişin isə Azərbaycan manatı ilə həyata keçiriləcəyi qeyd edilib. İşə qəbulun 2026-cı ilin avqust ayında başlaması planlaşdırılır.

Saatlıq təxminən 11 manat əməkhaqqı ilə çalışan sürücünün aylıq qazancı nə qədər ola bilər? Bu məbləğ hansı meyarlar əsasında hesablanır? Saatlıq və aylıq əməkhaqqı necə müəyyənləşdirilir? İş qrafiki və işin xarakteri əməkhaqqına necə təsir göstərir?

foto

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, bu, 2 min manata yaxın əməkhaqqı deməkdir:

“Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin elan etdiyi 6,81 ABŞ dolları saatlıq əməkhaqqı standart 40 saatlıq iş həftəsi əsasında hesablandıqda aylıq təxminən 1 170-1 200 ABŞ dolları (təxmini 1900- 2000 manat) təşkil edir. Məzənnədən asılı olaraq bu, təxminən 2 000 manata yaxın və ya bir qədər çox aylıq əməkhaqqına bərabərdir.

asif ibrahimov

Asif İbrahimov

Saatlıq əməkhaqqı adətən belə hesablanır ki, saatlıq tarif faktiki işlənmiş saatların sayına vurulur. Məsələn, ay ərzində orta hesabla 173-176 iş saatı olduqda, 6,81 dollar × 173-176 saat təxminən 1 180-1 200 dollar edir. Əlavə iş saatları olarsa, onlar əmək qanunvericiliyinə və işəgötürənin daxili qaydalarına uyğun ayrıca ödənilə bilər”.

İqtisadçı bildirib ki, Azərbaycan əmək bazarı ilə müqayisədə bu məbləğ sürücü peşəsi üçün orta göstəricidən yüksək hesab oluna bilər:

“Xüsusilə diplomatik nümayəndəliklərdə işçilərdən yalnız sürücülük deyil, təhlükəsizlik qaydalarına riayət, məxfilik, xarici dilləri müəyyən səviyyədə bilmək və yüksək peşəkarlıq da tələb olunur. Buna görə də təklif olunan əməkhaqqını bazar şərtləri baxımından rəqabətqabiliyyətli qiymətləndirmək olar. Lakin əməkhaqqını qiymətləndirərkən yalnız nominal məbləğə deyil, sosial təminat paketinə, tibbi sığortaya, məzuniyyət şərtlərinə, iş rejiminə və digər əlavə üstünlüklərə də baxmaq lazımdır. Əmək bazarında real gəliri müəyyən edən əsas amil məhz bu paketlərin məcmusudur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: