Ukrayna Prezidenti Volodimir Zelenskinin iyulun 15-də müdafiə naziri Mixaylo Fedorovu vəzifəsindən azad etməsi ölkədə narazılığa səbəb olub. Bildirilir ki, Zelenski bu addımı hazırda həyata keçirdiyi hökumət islahatları çərçivəsində atıb.
Məlumata görə, Fedorov orduda bir sıra texnoloji yeniliklərin tətbiqinə nail olsa da, bəzi generallarla ciddi fikir ayrılığı yaşayıb və bu, tərəflər arasında qarşıdurmaya səbəb olub. Lakin Ukrayna ictimaiyyətinin bir hissəsi hesab edir ki, müharibənin davam etdiyi bir dövrdə ordu üçün mühüm fiqurlardan biri sayılan şəxsin əsaslandırılmış izahat verilmədən vəzifədən azad edilməsi doğru addım deyil. Nəticədə, əksəriyyəti müharibə iştirakçıları və hərbçilərdən ibarət olan çox sayda ukraynalı Kiyevdə etiraz aksiyalarına başlayıb.
Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri Komandanının müavini Pavlo Yelizarov da müdafiə nazirinin vəzifədən uzaqlaşdırılmasından sonra istefa verib.
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Mixaylo Fedorov nazir təyin olunduqdan sonra korrupsiyaya qarşı mübarizə çərçivəsində geniş audit aparıb:
“İlk mərhələdə təxminən 7 milyard dollarlıq şübhəli xərclər aşkar edildi. Poliqraf testlərindən sonra isə o, birbaşa müharibənin maliyyələşdirilməsi ilə əlaqəli olduğu iddia edilən qruplarla qarşıdurmaya girdi. Fedorov hərbi büdcə vəsaitlərindən qanunsuz gəlir əldə edən şəxslərə qarşı ciddi tədbirlər gördü və bir sıra maliyyə pozuntularının qarşısını aldı.

Əziz Əlibəyli
Görünür, dron və hərbi texnologiyalarla bağlı yanaşmalarda Mixaylo Fedorov ilə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski arasında dərin fikir ayrılığı yaranıb. Fedorov ordunun daha çox müasir texnologiyalar və pilotsuz uçuş aparatları əsasında inkişaf etdirilməsinin tərəfdarı idi. Hərbi rəhbərlik isə onun fəaliyyətinə fərqli yanaşırdı.
Zelenski hazırda olduqca çətin seçim qarşısındadır. Görünən odur ki, o, mərkəzi hakimiyyətdəki komandanı deyil, cəbhədəki hərbi rəhbərliyi, xüsusilə də Sırskini dəstəkləməyə üstünlük verib”.
Turan Rzayev
Globalinfo.az