baki eas yeni

Azov dənizində Azərbaycan vətəndaşlarının həlak olması ilə nəticələnən dron hücumundan bir neçə həftə sonra bu dəfə Odessa sahilləri yaxınlığında mülki ticarət gəmisi hücuma məruz qalıb. Gəmidə olan 11 azərbaycanlı ekipaj üzvündən 10-u xilas edilsə də, kapitanın axtarışları davam edir. Sözügedən hadisə göstərir ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı risklər Azərbaycan vətəndaşlarına da birbaşa təsir edir.

Rəsmi Bakı bu cür hallarda öz vətəndaşlarını necə qoruya bilər? Belə hadisələrdən sonra Azərbaycanın hansı addımlar atması mümkündür?

Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Rusiya-Ukrayna müharibəsi artıq yalnız münaqişə tərəfləri üçün deyil, üçüncü ölkələrin vətəndaşları və beynəlxalq dəniz daşımaları üçün də ciddi təhlükə mənbəyinə çevrilib:

“Vətəndaşlarımızın bu cür insidentlərin qurbanı olması ciddi narahatlıq doğurur və beynəlxalq humanitar hüquq normaları baxımından xüsusi diqqət tələb edir. Azərbaycan dövləti hər zaman xaricdə yaşayan və çalışan vətəndaşlarının təhlükəsizliyini prioritet hesab edir. Belə hallarda Xarici İşlər Nazirliyi (XİN), Azərbaycanın diplomatik nümayəndəlikləri və digər aidiyyəti qurumlar operativ şəkildə hərəkət etməli, zərərçəkənlərə konsulluq dəstəyi göstərməli, həlak olan və ya itkin düşən vətəndaşlarla bağlı bütün zəruri tədbirləri görməlidir. Eyni zamanda, hadisənin bütün təfərrüatlarının araşdırılması və məsul şəxslərin müəyyən edilməsi üçün beynəlxalq təşkilatlar və münaqişə tərəfləri ilə fəal təmaslar aparılmalıdır”.

arzuxan elizade

Arzuxan Əlizadə

Deputat bildirib ki, yüksək riskli bölgələrdə çalışan Azərbaycan vətəndaşlarının təhlükəsizliyi ilə bağlı əlavə mexanizmlər tətbiq edilməlidir:

“Eyni zamanda, gəmiçilik şirkətləri ilə koordinasiyanın gücləndirilməsi və təhlükəsizlik xəbərdarlıqlarının mütəmadi yenilənməsi vacibdir. Dövlət bu istiqamətdə həm maarifləndirici, həm də təşkilati tədbirləri daha da gücləndirməlidir.

Baş verən faciələr bir daha sübut edir ki, müharibələrin ən ağır nəticələrini çox vaxt günahsız mülki insanlar yaşayırlar. Buna görə də beynəlxalq hüquqa hörmət, mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi və münaqişələrin sülh yolu ilə həlli bu gün hər zamankından daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan da beynəlxalq hüquqa əsaslanan sülhün, təhlükəsizliyin və sabitliyin tərəfdarı olaraq bu mövqeyini ardıcıl şəkildə davam etdirir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: