iran partlayis 1

İranın cənub bölgələrinə dünəndən başlayaraq silsilə hava zərbələri endirilib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir ölkə üzərinə götürməyib.

Globalinfo.az xəbər verir ki, partlayışlar Buşəhr, Sistan və Bəlucistan əyalətlərində, həmçinin Əhvaz və Çabahar şəhərlərində qeydə alınıb.

Hadisədən qısa müddət əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) növbəti əməliyyat mərhələsinin başa çatdığını və təxminən 90 hədəfin vurulduğunu açıqlayıb. Lakin ABŞ rəsmilərindən biri bundan sonra Vaşinqtonun İrana qarşı yeni zərbələr endirmədiyini bildirib.

İran rəhbərliyi hücumlara görə heç bir dövləti birbaşa ittiham etməyib. Bununla belə, parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvü və İnqilab Keşikçiləri Korpusunun sabiq komandiri İsmayıl Küsəri Birləşmiş Ərəb Əmirliklərini sərt tənqid edib. O, Əmirlikləri ABŞ-la əməkdaşlıqda  günahlandıraraq, bu addımların qarşılığında bədəl ödəyəcəklərini bəyan edib.

İranla son müharibədə iştirak edən İsrail də yeni hava əməliyyatları keçirmədiyini açıqlayıb. Qeyd olunur ki, İsrail iyun ayından etibarən İrana qarşı yeni zərbələr endirməyib və adətən həyata keçirdiyi hərbi əməliyyatları rəsmi şəkildə təsdiqləyir.

Beynəlxalq müşahidəçilərin fikrincə, hücumun arxasında Fars körfəzi ölkələrindən birinin dayanması ehtimalı istisna deyil. Bu addımın Tehranın region ölkələrinin enerji və strateji obyektlərinə mümkün cavab hücumlarının qarşısını almağa hesablandığı bildirilir.

Həmin gün İran ABŞ-ın zərbələrinə cavab olaraq Yaxın Şərqdə yerləşən müxtəlif hədəflərə raket hücumları həyata keçirib. Bəhreyn, İordaniya, Küveyt və Qətərdə hava hücumu siqnalları verilib. İlkin məlumata görə, Küveytdə hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti zamanı bir nəfər xəsarət alıb.

İranın hücumundan dərhal sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Küveytə səfər edərək ölkə əmiri ilə görüşüb. Eyni zamanda, Körfəz ölkələri Qətərin xarici işlər naziri ilə məsləhətləşmələr aparıblar. Qətər və Pakistanın İranla ABŞ arasında atəşkəsə dair vasitəçilik səylərini davam etdirdiyi bildirilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: