ehali 11

Azərbaycanda pensiya sistemi ilə bağlı müzakirələri yenidən gündəmə gətirən statistika açıqlanıb. Rəsmi məlumatlara əsasən, son beş ildə 65 yaşına çatmadan vəfat edən kişilərin sayı 88 min 100 nəfər olub. Bu, həmin dövrdə vəfat edən kişilərin 48,5 faizini təşkil edir.

Bəs pensiya yaşına çatmadan vəfat edən şəxslərin illərlə ödədiyi məcburi sosial sığorta haqları ilə bağlı mövcud hüquqi mexanizmlər nə dərəcədə ədalətlidir? Bu vəsaitlərin taleyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac varmı?

Globalinfo.az-a danışan iqtisadçı Vahid Əhmədov deyib ki, pensiya məsələsi daim gündəmdə saxlanılmalı və mütəmadi olaraq müzakirə edilməlidir:

“Çünki hazırda həm kişilər, həm də qadınlar üçün müəyyən edilmiş 65 yaş pensiya yaşı kifayət qədər yüksək hesab olunur. Vaxtilə bu yaş həddi müəyyən mənada məqbul görünə bilərdi. Lakin son illərdə insanların orta ömür uzunluğu ilə bağlı göstəricilər əvvəlki kimi deyil və bu amil də nəzərə alınmalıdır. Rəsmi hesablamalara görə, insan pensiyaya çıxdıqdan sonra orta hesabla təxminən 12 il pensiya almalıdır. Yəni 65 yaşında pensiyaya çıxan şəxsin 77 yaşınadək yaşaması nəzərdə tutulur. Ancaq reallıqda 77 yaşa qədər yaşayan insanların sayı da diqqətlə təhlil edilməlidir. Bu baxımdan, problem kifayət qədər ciddidir və öz həllini tapmalıdır”.

İqtisadçının sözlərinə görə, keçmiş SSRİ ölkələri ilə müqayisədə Azərbaycanda pensiya yaşı ən yüksək olan ölkələrdən biridir:

“Hesab edirəm ki, bu mexanizm yenidən nəzərdən keçirilməlidir. Digər mühüm məsələ isə pensiya yaşına çatmadan vəfat edən şəxslərlə bağlıdır.

vahid ehmedov 99

Vahid Əhmədov

Onlar uzun illər ərzində əməkhaqlarından sosial sığorta haqları ödəyirlər. Lakin pensiya yaşına çatmadan dünyasını dəyişdikdə həmin vəsaitdən özləri istifadə edə bilmirlər və bu məbləğ faktiki olaraq dövlətin sərəncamında qalır. Məncə, bu, tam ədalətli yanaşma deyil. Çünki həmin vəsait o şəxsin əməkhaqqından tutulmuş, onun adına formalaşmış vəsaitdir. Əgər həmin şəxs ondan istifadə edə bilmirsə, heç olmasa, bu vəsait onun varislərinə və ya ailə üzvlərinə ödənilməlidir”.

V.Əhmədov pensiya sistemi ilə bağlı Milli Məclisdə dəfələrlə fikir səsləndirdiyini bildirib:

“Hesab edirəm ki, Azərbaycanda artıq özəl pensiya fondlarının yaradılmasının vaxtı çoxdan çatıb. İnsanların seçim imkanı olmalıdır. Yəni yalnız bir dövlət pensiya fondu deyil, müxtəlif özəl pensiya fondları fəaliyyət göstərməlidir. Vətəndaş da hansı fondun şərtlərini daha sərfəli hesab edirsə, onunla müqavilə bağlayaraq vəsaitini həmin fonda yönləndirə bilməlidir. Bir daha vurğulamaq istəyirəm ki, sosial sığorta fonduna yığılan vəsait dövlətin deyil, həmin şəxsin vəsaitidir. O, vətəndaşın əməkhaqqından tutulmuş puldur və onun hüququ qorunmalıdır. Buna görə də hökumət və Milli Məclis bu istiqamətdə müvafiq qərarlar qəbul etməli, pensiya sistemində zəruri dəyişikliklər etməli və mövcud problemlərin həllini təmin etməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: