Globalinfo.az Oqtay Qasımov ilə müsahibəni təqdim edib.
– Oqtay bəy, bu gün 60 illik yubileyinizi qeyd edirsiniz. Açığı, yaşınızı heç göstərmirsiniz. Bunun xüsusi sirri varmı?
– Yaş insanın həyat təcrübəsi, keçdiyi yoldur. Necə deyərlər, yaş həyat nərdivanında çıxdığın pillələrin sayını göstərir. Ümumiyyətlə deyim ki, mən doğum günlərimi xüsusi təmtəraqlı qeyd etmirəm. Adətən yaxınlarımın və ailəmin iştirakı ilə kiçik yığıncaq olur.
O ki qaldı yaşla və ya daha gənc görünməyimlə bağlı məsələyə, xüsusi bir sirrim yoxdur. Yəqin ki, bu, genetik bir şeydir.
– 60 yaş – əslində 60 illik həyat məktəbidir. Oqtay Qasımov geriyə baxanda ilk növbədə nə görür? Daha çox qürur, yoxsa səhvlər?
– 60 yaş insan həyatının çox önəmli bir hissəsidir. Bu yaş çox insana nəsib olmur. 60 yaş həm də keçdiyin yola bir daha dönüb baxmaq, ona nəzər salmaq, arxada buraxdığın illərin dəyərini bilmək baxımından önəmlidir.
Bu illər ərzində, əlbəttə, səhvlər olub. Səhvsiz insan yoxdur. Məşhur bir deyimdə deyildiyi kimi, “yalnız ölülər səhv etmirlər”. Əgər insan fəaliyyətdədirsə, çalışırsa, ictimai mühitdə fəaldırsa, hökmən bu və ya başqa formada səhvlər buraxır.
Amma ümumən o, dövrə indi baxanda daha çox qürur keçirdiyim bir mərhələ görürəm. Çünki gənclik yaşlarımdan milli azadlıq hərəkatına qoşulub bu hərəkatın qələbəsində müəyyən pay sahibi olmaq, dövlətin qurulmasında, qısa müddət də olsa iştirak etmək və bunun nəticələrini görmək, əlbəttə, qürurvericidir.
Məhz bu baxımdan səhvlərlə birlikdə uğurlar da kifayət qədərdir. Uğurlarımızın əsas qayəsi də bugünkü Azərbaycandır. Bizim suveren, bütöv Azərbaycan ideyamız olub. Ərazilərimiz işğaldan azad olunduğu, suverenliyimiz tam bərpa olunduğu üçün qürurluyuq. Bu, bizim həyatda əsas məqsədlərimizdən biri olub.
– Bəs “kaş ki” dediyiniz, peşman olduğunuz bir məqam varmı?
– Əlbəttə, insanın həyatda müəyyən səhvləri olur. Ümumiyyətlə, səhvsiz insan yoxdur. Əsas məsələ səhvlərdən nəticə çıxarmaq və onları bir daha təkrarlamamaqdır.
Bu baxımdan buraxdığım səhvləri qəbul edirəm və onlardan nəticə çıxarmışam. Hesab edirəm ki, məsələlərə obyektiv baxa bilirəm.
Konkret bir şey deyə bilmərəm. Amma əlbəttə, mənim də peşman olduğum məqamlar olub. Əsas məsələ səhvləri və peşmanlıqları təkrarlamamaqdır.
– Siz müstəqil Azərbaycanın sancılı doğuluşuna, çətin uşaqlığına və bugünkü gəncliyinə şahid olmusunuz. Ölkənin hansı mərhələsini ən həlledici hesab edirsiniz?
– Əlbəttə, mən də Azərbaycanın keçdiyi bütün mərhələlərin iştirakçısı olmuşam. Bu prosesin əhəmiyyətli hissəsində aktiv iştirak etmişəm. Hər dönəmin öz məsuliyyəti və çətinliyi olub.
Bu baxımdan Azərbaycanın müstəqilliyinin bərpa olunduğu dövr çox ağır məhrumiyyətlər, itkilər və böyük sıxıntılarla bərabər olub. Belə ki, müstəqillik əldə etdiyimiz ilk dövrlərdə Ermənistanın işğalı ilə üz-üzə qalmışdıq. Bu, bizim millətimizə və dövlətimizə olduqca böyük imtahanlar gətirib. Lakin cəmiyyətimiz bu imtahanlardan uğurla çıxmağı bacardı.
Növbəti mərhələ isə 1994-cü ilin mayında atəşkəsin elan olunmasından sonra sabitləşmə dövrü oldu. Bu dövrdə Azərbaycan öz potensialını toparlayıb ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün mühüm mərhələyə daxil oldu. Azərbaycan bu dövrdən yaxşı istifadə etdi. Ərazi bütövlüyümüz bərpa olundu.
Digər bir mərhələ isə 2020-ci il 27 sentyabrdan başladı. Torpaqlarımız işğaldan azad olundu, suverenliyimiz tam bərpa edildi.
Hesab edirəm ki, bu gün geriyə baxanda müstəqilliyin ilk illərindəki çətinlikləri daha dəqiq görmək olur. Həmin dövrdə torpaqlar işğal altında idi, daxildə siyasi çəkişmələr vardı.
Amma gəlib çatdığımız bugünkü mərhələ bizə ciddi məsuliyyətlər yükləyir. Dövr dəyişib, çağırışlar dəyişib. Bu gün yeni təhdidlər var. Hesab edirəm ki, bu mərhələnin əsas vəzifəsi məhz bunu düzgün başa düşmək və ona uyğun tədbirlər görməkdir.
– Uzun illər siyasi prosesləri izləyən və şərh edən, hətta birbaşa proseslərin içərisində olan təcrübəli siyasətçi kimi, bugünkü gənc Azərbaycan dövləti qarşıdakı 20-30 ildə necə bir ölkəyə çevriləcək? Azərbaycanın “yetkinlik dövrünü” necə təsəvvür edirsiniz?
– Əlbəttə, son 5 il Azərbaycan üçün çox ciddi fürsət pəncərələrlər yarandı. Bir daha qeyd edirəm, 30 il müddətində ərazilərimizin işğalda olması Azərbaycanın qollarına vurulan qandal rolunu oynayıb. Azərbaycanı inkişafdan saxlayan əsas problem məhz keçmiş Qarabağ münaqişəsi idi.
Bu gün bu problem həll edilib. Buna görə də Azərbaycan regionun aparıcı dövlətinə çevrilib. Qarşıdakı 20-30 ildə Azərbaycanın qarşısında ciddi imkanlar açılır. Cəmiyyət və dövlət olaraq bu dövrü doğru təhlil edib düzgün qərarlar versək, potensialımızı doğru istiqamətə yönəldə bilsək, cəmiyyətimizi və iqtisadiyyatımızı inkişaf etdirə bilsək, Azərbaycan aparıcı güc olaraq qalacaq və daha da güclənəcək.
Qarşıdakı 20-30 ildə biz buna nail ola bilərik. Bu dövrdə Azərbaycan dünyanın aparıcı gücləri, xüsusilə də türk dünyası ilə əlaqələrini genişləndirməlidir. Bu, bizim əsas məramlarımızdan biridir.
Mən qarşıdakı illəri ölkəmizin sürətli inkişaf dövrü kimi görürəm. Biz potensialımızı doğru və düzgün dəyərləndirməliyik. Dövrün reallıqlarını və təhdidlərini doğru təhlil etməliyik.
– Oqtay bəy, siyasətdə hadisələri düzgün proqnozlaşdırmaq daha çətindir, yoxsa cəmiyyətə onları doğru izah etmək?
– Əlbəttə, siyasəti və baş verənləri təhlil etmək çox önəmlidir. Bu, kifayət qədər mürəkkəb məsələdir. Bunun üçün ciddi məlumatların olması, analitik təfəkkürün mövcudluğu çox vacibdir.
Yəni əslində bu, göründüyü qədər sadə bir şey deyil. Müsbət hall ondan ibarətdir ki, son illər Azərbaycanda siyasi təhlilçilərin və analitiklərin sayı ciddi şəkildə artıb. Onlar dünyada və Azərbaycanda gedən prosesləri təhlil edib doğru nəticələr çıxara bilirlər.
Amma bununla bərabər, bunun daha mürəkkəb tərəfi həmin bilgiləri cəmiyyətə doğru və düzgün şəkildə izah etməkdir. Bu məsələlər cəmiyyətə elə çatdırılmalıdır ki, insanlar onu anlaya bilsin.
Yəni prosesi izah etmək və analiz etmək nə qədər çətindirsə, bunu cəmiyyətə izah etmək daha çətindir.
– Bu illər ərzində fikrinizin tam dəyişdiyi hansısa siyasi mövzu və ya hadisə olub?
– Elə bir hadisə olmayıb. Ümumən məsələlərə ifrat radikal baxışla yanaşmanın əleyhinəyəm. Məsələlərə mümkün qədər məntiqli və obyektiv baxmağın tərəfdarı olduğum üçün heç vaxt hadisələrə münasibətimdə ciddi yanılmaların olduğunu düşünmürəm.
Belə bir dəyişikliyin olduğu hadisə olmayıb. Hadisələrə düzgün və obyektiv yanaşdıqda sizin səhv etmək riskləriniz ciddi şəkildə azalır.
Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az