Qonşu Qazaxıstanda bəzi inzibati xətalara görə tətbiq olunan cərimələrin məbləği bir müddət öncə artırılıb. Yerə zibil atmaq, ictimai yerlərdə nalayiq ifadələr işlətmək, yol hərəkəti qaydalarını, o cümlədən sürət həddini pozmaq kimi əməllərə görə daha çox cərimə nəzərdə tutulur. Bu yanaşmanın əsas məqsədi vətəndaşları qaydalara daha məsuliyyətlə əməl etməyə təşviq etmək və hüquqpozmaların sayını azaltmaqdır. Məhz bu səbəbdən bir çox insan cərimələnməmək üçün davranışlarına daha çox diqqət yetirir.
Azərbaycanda da inzibati xətalara görə cərimələrin məbləği artırıla bilərmi? Belə bir addım ictimai davranışın yaxşılaşmasına və hüquqpozmaların azalmasına nə dərəcədə təsir göstərə bilər?
Globalinfo.az-a danışan deputat Aydın Hüseynov deyib ki, burada məqsəd insanları qorxutmaq yox, onları qaydalara daha məsuliyyətlə yanaşmağa sövq etməkdir:
“Əslində, yüksək cərimə bir çox insanı düşünməyə vadar edir. Çünki heç kim səbəbsiz yerə pul itirmək istəmir. Nəticədə insanlar zibili yerə atmamağa, ictimai yerlərdə davranışlarına diqqət etməyə, yol hərəkəti qaydalarını pozmamağa çalışırlar. Bu isə həm küçələrdə təmizliyin qorunmasına, həm də yol qəzalarının və digər hüquqpozmaların azalmasına kömək edə bilər”.
“Azərbaycanda da belə bir addım atıla bilərmi” sualına gəlincə, deputat bildirib ki, təkcə cəriməni artırmaq kifayət etmir:
“Qanun hamıya ciddi şəkildə tətbiq olunmalı, nəzarət gücləndirilməli və insanlar qaydaların niyə vacib olduğunu başa düşməlidirlər. Bir məsələni də nəzərə alaq ki, cərimə məbləği elə olmalıdır ki, qayda pozan şəxs üçün ciddi xəbərdarlıq rolunu oynasın, amma həddindən artıq ağır yükə çevrilməsin”.
Aydın Hüseynovun sözlərinə görə, Azərbaycanda da bəzi inzibati xətalara görə cərimələrin artırılması mümkündür:
“Amma bunun təsiri yalnız ədalətli tətbiq, güclü nəzarət və maarifləndirmə ilə birlikdə daha effektiv olar. İnsanlar qaydalara yalnız cərimədən qorxduqları üçün yox, bunun cəmiyyətin xeyrinə olduğunu dərk etdikləri üçün əməl etməlidirlər. Məhz bu halda həm ictimai davranış yaxşılaşar, həm də hüquqpozmaların sayı azalar”.
Qeyd edək ki, ABŞ-da qanunsuz şəkildə zibil atılmasına görə, xüsusilə söhbət iri həcmli və ya kommersiya xarakterli tullantılardan getdikdə, cərimələr 15 min ABŞ dolları və ya daha yüksək məbləğə çata bilər. Cərimənin məbləği atılan tullantının həcmi, növü, pozuntunun xarakteri və hadisənin baş verdiyi ştatın qanunvericiliyindən asılı olaraq dəyişir.
Kiçik həcmli pozuntulara, məsələn, siqaret kötüyü, qida qabı və ya digər xırda tullantıların ictimai yerlərə atılmasına görə adətən 100-1000 ABŞ dolları məbləğində cərimə tətbiq edilir. Bəzi hallarda pozuntu törədən şəxsə ictimai işlər, o cümlədən ərazinin təmizlənməsi kimi əlavə cəza da verilə bilər.
İri həcmli qanunsuz tullantıların atılması (illegal dumping), məsələn, avtomobildən böyük miqdarda zibilin boşaldılması və ya meşəlik ərazilərə mebel, məişət texnikası və digər iri əşyaların atılması isə 2 500-25 000 ABŞ dolları arasında dəyişən cərimələrlə yanaşı, bəzi hallarda həbs cəzası ilə də nəticələnə bilər.
Məsələn, Nyu-York şəhərində kommersiya tullantılarının qanunsuz atılmasına görə cərimələr pozuntunun həcmi və təkrar törədilib-törədilməməsindən asılı olaraq hər bir hal üzrə 18 min ABŞ dollarına qədər yüksələ bilər.
Zaira Akifqızı
Globalinfo.az
