İndiyədək buraxılış və qəbul imtahanlarında proqramdan kənar sualla bağlı hər hansı apellyasiya müraciəti qeydə alınmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzininc(DİM) sədri Məleykə Abbaszadə Trend-ə müsahibəsində bildirib.
“Suallar kitabça şəklində şagirdlərə paylanılır. İmtahan bitən kimi həmin gün “ictimai ekspertiza” başlayır. Bu prosesdə ən adi vətəndaşdan tutmuş elmi dərəcəsi olan akademiklərə qədər hər kəs sualları yoxlaya bilər. Hətta bu gün süni intellekt alətləri, o cümlədən ChatGPT vasitəsilə də sualların təhlili mümkündür”, – o deyib.
DİM sədrinin sözlərinə görə, imtahan günü bütün sualların izahı, həmçinin onların proqramın hansı mövzusuna və hansı sinif səviyyəsinə aid olduğu ictimaiyyətə təqdim edilir.
“İndiyə qədər bir dəfə də olsun belə bir iddia irəli sürülməyib ki, “bu sual dərslikdə yoxdur”. “Proqramdan kənardır” yox, “məktəbdə keçməmişik”, “proqramda var, amma keçməmişik” kimi fikirlər səsləndirilir. Bu isə artıq başqa məsələdir”, – deyə o qeyd edib.
Məleykə Abbaszadə bildirib ki, DİM hər il imtahan suallarını hazırlayarkən məhz həmin ilin məzunlarının istifadə etdiyi dərslik və proqramları əsas götürür.