“Fransa Avropa İttifaqının (Aİ) rəhbərliyindən kənar şəkildə Rusiya ilə gizli diplomatik əlaqələrin qurulmasına qarşı deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Paris rəsmi Brüsseldən gizli şəkildə Moskva ilə əlaqə saxlamaqdan çəkinmir.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron daha əvvəl Avropanın ümumi maraqlara aid məsələlərdə Rusiya ilə dialoq qurulmasının vacibliyini vurğulamışdı.
Eyni zamanda Avropa mətbuatının yazdığına görə, Avropa Şurasının rəhbəri Antonio Kostanın ofisi son həftələrdə Rusiya ilə məhdud və qeyri-rəsmi diplomatik əlaqələr qurub. Məlumata əsasən, bu təmaslar yalnız kommunikasiya kanallarının açılması məqsədi daşıyıb və heç bir siyasi danışıqlar aparılmayıb.
Bu addım Aİ daxilində ciddi fikir ayrılığına səbəb olub. Bir sıra liderlər bu təşəbbüsdən əvvəl məlumatlandırılmadıqlarını bildirərək narazılıq ifadə ediblər. Xüsusilə Fransa və Almaniyanın bəzi rəsmilərinin bu prosesdən narazı qaldığı qeyd olunur.
Rəsmi Brüssel isə bildirir ki, bu cür əlaqələr danışıqlara başlamaq deyil, yalnız gələcək mümkün diplomatik əlaqələr üçün kanal yaratmaq məqsədi daşıyır.
Əliyar Xəlil
Globalinfo.az