Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü baş tutacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Türkiyə XİN başçısı Putinlə görüş üçün müraciət edib və bu istək təmin olunacaq.
Uşakov bildirib ki, Vladimir Putin Hakan Fidanı iyunun 17-də qəbul edəcək.
“Hazırda Türkiyənin xarici işlər naziri Fidan Moskvada səfərdədir. O, prezidentimizlə görüş xahişi edib. Bu xahiş yerinə yetiriləcək. Prezidentimiz naziri sabah axşam qəbul edəcək”, – deyə Yuri Uşakov vurğulayıb.
Qeyd edək ki, Hakan Fidanın Rusiyaya səfəri iyunun 15-dən 17-dək davam edir. Səfər çərçivəsində onun Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər yüksək vəzifəli şəxslərlə görüşləri planlaşdırılıb.
Əliyar Xəlil