Sosial şəbəkələrdə imamlara doğum gününün qeyd edilməsi ilə bağlı görüntülər yayılıb və bu, ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Kadrlarda dini çıxışları və mərsiyələri ilə tanınan ilahiyyatçı-məddah Zahir Mirzəvinin imamlar üçün mahnı ifa etdiyi görünür. Süfrədə tort, şamlar və müxtəlif şirniyyatlar yer alıb, mərasimdə qonaqlar da iştirak ediblər.
Zahir Mirzəvi isə türkiyəli müğənni İbrahim Tatlısəsin “Haydi söyle” mahnısının sözlərini dəyişdirərək imamlar üçün səsləndirib.
İslam dinində imamlar və peyğəmbərlər üçün bu cür şou xarakterli tədbirlərin keçirilməsi doğrudurmu? Ümumiyyətlə, islam dini bu kimi hallara necə yanaşır?
Globalinfo.az-a danışan ilahiyyatçı Tural İrfan deyib ki, islam dinində konkret olaraq doğum günü qeyd etmək göstərişi, ənənəsi, tövsiyyəsi yoxdur.
Onun sözlərinə görə, hətta peyğəmbərlərin, imamların, səhabələrin belə mövludunu keçirmək tarixdə olmayıb:
“Xüsusən təntənəli şəkildə, musiqi və cürbəcür əcaib əməllər ilə qeyd etmək əksinə dinin, islam hüququnun tələblərinin pozulmasıdır. Şoular təşkil edirlər, qondarma rəvayətlər oxuyub artistlik edirlər, tort kəsirlər, müxtəlif xalqların bəstəkarlarının musiqilərini, bəstələrini oğurlayıb nohə, mərsiyyə sözləri qoşub təhrif edərək oxuyurlar. Belə şeylər hansısa xarici marağa və müsəlmanları, cəmiyyəti parçalamağa xidmət edir. Çünki dində belə bir adətinə olmadığını bilərək başqalarının diqqətini və etirazını cəlb etmək, nəticədə təxribat yaratmaq üçün belə qondarma işlərə əl atırlar”.
İlahiyyatçı qeyd edib ki, Peyğəmbər və İmamları razı salmaq üçün onlara doğum günü, yaxud matəm günü keçirmək lazım deyil, o kəslərin buyurduqlarına əməl edib onların əxlaqını izləmək, əməl etmək lazımdır:
“Bu ənənə qədim farslardan keçib. Sasani imperiyasını müsəlmanlar çökdürdükdən sonra farslar islamla üz-üzə mübarizədə məğlub olacaqlarından gizli şəkildə, özlərini müsəlman göstərərək mübarizə aparmağa başladılar. Nəticədə təşkilatlanıb islam daxilində məzhəblər, təriqətlər, indiki dillə desək separatçı, ekstremist ideoloji xətt izləyən təşkilatlar yaratdılar.
Tural İrfan
Digər müsəlmanlardan fərqlənmək üçün imamlar adına hədislər, rəvayətlər uydurub fərqli ibadətlər, fərqli adətlər, fərqli etiqad əsası uydurdular. Bura qədim fars dinlərinin, məcusiliyin əsaslarını, eyni zamanda Sasani imperiyasının siyasi, sosial ideologiyasını da sintez edərək daxil etdilər. Belə ki, şahların müqəddəs döldən sayılması, onların doğum gününün bayram olması kimi adətləri də əlavə etdilər. İmam Hüseynin həyat yoldaşının da fars şahının qızı olması onlara əsas verdi ki, onu da öz kürəkənləri hesab edərək ona da İran şahları kimi mövlud və matəm təşkil etsinlər”.
İlahiyyatçı deyib ki, bu ayinlər eyni zamanda siyasi, ideoloji, sosial ayrılıq, fərqlilik və digərlərini boykot xarakteri daşıyırdı: “Bu tədbirləri təşkil edir, başqa müsəlmanlar etməyəndə yaxud buna etiraz bildirəndə onlara qarşı propaqanda apararaq onları boykot edir, Əhli Beyt düşməni elan edir, siyasi, dini təfriqə salırdılar. Yəni İmamları, Əhli Beyti alət edib öz milli maraqlarını yeridirdilər. Səfəvilər dövründə bu adətləri fars mollaları yenidən dövlət ideologiyasına çevirdi və ölkəmizə də yeridildi”.
Tural İrfan əlavə edib ki, bu cür ənənələr xurafat, mövhumat və altında məkr yatan fars oyunlarının silsiləvi davamıdır:
“Peyğəmbəri, İmamı adi adam səviyyəsinə endirib, başqa bəstəkarın mahnısını oğurlayıb yaxud hind mahnılarını təhrif edib şou göstərərək təhqir etmək mənəvi cinayətdir. Müsəlmanların mənəvi dəyərlərinin, inancının özəyinin bu cür təhrif və təhqir olunmasının qarşısı alınmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az
