6a28154fd8942950X535 40 thumbd

Türkiyə Milli Müdafiə Nazirliyi Fransa ilə Kipr Respublikası arasında imzalanan qüvvələrin statusuna dair sazişlə bağlı açıqlama yayıb. Nazirlik sazişin 1960-cı il Kipr razılaşmalarına və beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Məlumatda qeyd edilir ki, heç bir legitimliyi olmayan və nəticələri yaxşı düşünülməyən bu cür addımlar adanın cənubu üçün təhlükəli nəticələr yarada bilər.

“Bölgədəki həssas tarazlıqları nəzərə almayan və Türkiyə ilə Şimali Kipr Türk Respublikasının (ŞKTR) hüquq və maraqlarını hədəf alan hər hansı hərbi birliyin Ankaraya qarşı uğur qazanmaq şansı yoxdur. Türk Silahlı Qüvvələri isə Kipr türklərinin təhlükəsizliyini təhdid edən belə addımlara qarşı ən sərt cavabı verməyə hazırdır”, – açıqlamada vurğulanır.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Fransa son illərdə müxtəlif regionlarda itirdiyi mövqeləri bərpa etməyə çalışır.

“Paris xüsusilə Afrikada zəifləyən təsir imkanlarını Aralıq dənizi hövzəsində, Cənubi Qafqazda və Mərkəzi Asiyada gücləndirməyə cəhd göstərir. Fransa bu bölgələrdə, o cümlədən Türkiyəyə yaxın və dünya üçün strateji əhəmiyyət daşıyan ərazilərdə hərbi mövcudluğunu artırmaq niyyətindədir. Təəssüf ki, dünya daha çox hərbiləşməyə doğru gedir. Son illər hərbi xərclərin ən yüksək səviyyəyə çatdığı dövrlərdən biridir. Böyük dövlətlər müxtəlif regionlarda yeni hərbi müqavilələr bağlamağa və hərbi iştiraklarını genişləndirməyə çalışırlar. Fransa da bu istiqamətdə addımlar atır.

Türkiyə də prosesləri diqqətlə izləyir və Şimali Kiprdəki hərbi-siyasi mövcudluğunu daha da möhkəmləndirir. Ankara bu mövqeyini gücləndirməkdə davam edir. Lakin bu cür addımlar Kipr probleminin həllinə deyil, əksinə, daha da mürəkkəbləşməsinə səbəb olur. Bununla belə, hesab edirəm ki, gec-tez adada iki dövlətin mövcudluğu reallıq kimi qəbul ediləcək – cənubda yunan, şimalda isə türk dövləti.

kenan novruzov
Kənan Novruzov

Türkiyə bölgədə baş verən prosesləri yaxından izləyir və öz təhlükəsizlik maraqlarına uyğun addımlar atır. Necə ki, biz Ermənistanın Fransa, Hindistan, Çin və İranla əməkdaşlığını diqqətlə izləyirik.

Son illərdə Türkiyə müdafiə sənayesini əhəmiyyətli dərəcədə gücləndirib, həm Afrikada, həm Aralıq dənizi hövzəsində, həm də dünyanın müxtəlif regionlarında təsir imkanlarını artırıb. Paris ilə Ankara arasında regional nüfuz uğrunda rəqabət davam edir və Fransa ilə Cənubi Kipr arasında imzalanan yeni saziş də məhz bu geosiyasi mübarizənin tərkib hissəsi kimi qiymətləndirilə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: