“Bu gün müzakirə olunan məsələlər uşaqların təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanmış və müzakirəyə çıxarılan qanun layihəsi hüquqi mexanizmlər çərçivəsində mövcud problemlərin qarşısının alınmasına və nəzarət sistemlərinin gücləndirilməsinə xidmət edir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Ombudsman Səbinə Əliyeva deyib.
Ombudsman bildirib ki, layihənin əsas istiqamətlərindən biri yaş məhdudiyyətlərinin tətbiq olunduğu sosial şəbəkə platformalarına dair tələblərin müəyyən edilməsidir:
“Eyni zamanda platformalarda istifadəçi məlumatlarının yerləşdirilməsi və idarə olunması ilə bağlı qaydaların dəqiqləşdirilməsi uşaqların hüquqlarının qorunması və mövcud problemlərin həlli baxımından mühüm əhəmiyyət daşıyır.
Layihə çərçivəsində aparılan araşdırmalar bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsinə töhfə verir. Məlumatlara əsasən, son illərdə sosial şəbəkələr arasında artan rəqabət, onlayn zorakılıq və digər rəqəmsal risklər yeni çağırışlar yaradıb.
Eyni zamanda qeyd olunur ki, uşaqların internet və rəqəmsal platformalardan istifadəsində yaş məhdudiyyətlərinin formal xarakter daşıması, effektiv nəzarət mexanizmlərinin zəifliyi və şəxsi məlumatların qorunmasındakı boşluqlar onların hüquqlarının pozulmasına səbəb ola bilər.
Bu baxımdan uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması ilə bağlı irəli sürülən təkliflər dövlət qurumları, media nümayəndələri və digər aidiyyəti tərəflərin iştirakı ilə müzakirə edilir və problemin aradan qaldırılmasına yönəlib”.
Safura Bənnayeva
Globalinfo.az