Ermənistanda iyunun 7-də parlament seçkiləri keçiriləcək. Budəfəki səsvermə Baş nazir Nikol Paşinyan üçün səkkiz illik hakimiyyət dövrünün ən ciddi sınaqlarından biri hesab olunur.
Seçkilərdən sonra Ermənistan yeni mərhələyə adlaya biləcək ya geri düşəcək? Vətəndaş həmrəyliyi olacaq, yoxsa vətəndaş qarşıdurması pik həddə çatacaq?
Globalinfo.az-a danışan Əməkdar jurnalist, araşdırmaçı-yazar Azər Həsrət deyib ki, seçkilərdə Paşinyanın qələbəsi daha real görünür:
“Mövcud proqnozlara əsasən, onun 50-60 faiz arasında səs toplaması gözlənilir və hazırkı şəraitdə daha yüksək nəticə əldə etmək imkanları da istisna olunmur. Bu səbəbdən ölkədə hakimiyyət dəyişikliyi ehtimalı aşağıdır. Seçkilərdən sonra qısamüddətli siyasi gərginliklər yaşana bilsə də, genişmiqyaslı vətəndaş qarşıdurması gözlənilmir. Paşinyanın hakimiyyətini qoruması halında Ermənistanın xarici siyasət kursunda yeni mərhələnin başlanacağı mümkündür. Bu mərhələnin əsas istiqamətləri Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regional əməkdaşlığın genişləndirilməsi ola bilər”.
Azər Həsrət
Onun sözlərinə görə, Ermənistanın Rusiyadan siyasi və geosiyasi baxımdan tədricən uzaqlaşdığı müşahidə olunur:
“Ölkə uzun müddətdir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəallıq göstərmir, təşkilatın tədbirlərində iştirakını minimuma endirib. Bundan başqa, Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı gələcək münasibətlər də müzakirə mövzusudur. Bu fonda Ermənistanın Avropa ilə inteqrasiyanı gücləndirməyə çalışdığı görünür. Bu baxımdan, seçkilərdən sonra İrəvanın Bakı və Ankara ilə münasibətlərin normallaşdırılması, regionda kommunikasiya, iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də Qərblə əlaqələrin dərinləşdirilməsi istiqamətində daha sürətli addımlar atacağı gözlənilir. Bununla yanaşı, regionda geosiyasi rəqabətin davam edəcəyi və müxtəlif xarici təsir cəhdlərinin qalacağı da istisna edilmir. Buna görə də regional sabitliyin qorunması və əməkdaşlıq imkanlarının genişləndirilməsi qarşıdakı dövrdə əsas məsələlərdən biri olaraq qalacaq”.
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli isə bildirib ki, seçkilərdə iki əsas siyasi qütb formalaşıb, lakin ən böyük qeyri-müəyyənlik seçicilərin yekun qərar verməməsi ilə bağlıdır:
“Sorğulara görə, Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyası 32-49 faiz arasında dəstəyə malikdir. Onun əsas tezisləri Azərbaycanla sülh prosesinin davam etdirilməsi, Türkiyə ilə sərhədlərin açılması və Avropaya inteqrasiyadır. Digər tərəfdən, Robert Köçəryan və digər müxalif qüvvələr revanşist mövqedən çıxış edirlər. Onlar Rusiyanın son dövrlərdə Ermənistana qarşı tətbiq etdiyi bəzi iqtisadi məhdudiyyətlərdən də siyasi arqument kimi istifadə edirlər. Bu addımları müəyyən mənada müxalifətə dolayı dəstək kimi başa düşmək olar”.
Əziz Əlibəyli
Ekspert əlavə edib ki, seçkinin taleyini səsini kimə verəcəyini hələ qərar verməmiş seçicilər müəyyənləşdirəcək:
“Hazırda seçicilərin təxminən 40 faizi kimə səs verəcəyinə qərar verməyib və nəticəyə məhz bu kütlənin təsir göstərəcəyi gözlənilir. Ona görə də Ermənistan faktiki olaraq iki fərqli siyasi yol arasında seçim qarşısındadır. Yəni Paşinyanın qələbəsi ölkənin hazırkı kursunu davam etdirib gələcəyə aparacaq, müxalifətin qələbəsi isə əvvəlki siyasətə qayıdış anlamını ifadə edir.
Seçkilərdən sonra həm vətəndaş həmrəyliyi, həm də vətəndaş qarşıdurması ssenariləri mümkündür. Müxalifət kampaniyanı ölkənin taleyi məsələsi kimi təqdim etdiyindən, Paşinyanın qələbəsi halında seçki saxtakarlığı iddiaları ilə küçə etirazları, polisə qarşı toqquşmalar və siyasi gərginliyin artması ehtimalı yüksəkdir. Lakin heç bir siyasi qüvvə parlamentdə mütləq çoxluq əldə etməzsə və koalisiya danışıqları uğursuz olarsa, Ermənistanın həm daxili siyasi böhranla üzləşməsi, həm də növbədənkənar seçkilərə getməsi ehtimalı qalır”.
“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə qeyd edib ki, seçkilər ərəfəsində regionda siyasi gərginlik yenidən pik həddə çatıb:
“Ermənistan müxalifətinin seçkilərlə bağlı verdiyi vədlər və bəyanatların arxasında real hərbi gücdən daha çox, daxili auditoriyaya hesablanmış seçki manipulyasiyası dayanır. Azərbaycan Ermənistandan fərqli olaraq, regionda əbədi sülhün və sabitliyin tərəfdarıdır. Hazırda ölkəmiz bütün diqqətini, resurslarını Qarabağın yenidən qurulmasına, şəhər və kəndlərin abadlaşdırılmasına, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəkildə qaytarılmasına yönəldib. Digər tərəfdən, Azərbaycanın Ermənistanı ağıllandırmaq, onun hərbi təxribatlarının qarşısını elə rüşeymindəcə almaq üçün hər zaman həm güclü ordusu, həm də müasir silahları mövcuddur”.
Seymur Verdizadə
İB sədri vurğulayıb ki, Ermənistanın siyasi elitası və cəmiyyəti seçkilərdə reallığı düzgün qiymətləndirməli, ağıllı hərəkət etməlidir:
“İqtisadi, demoqrafik və hərbi baxımdan tamamilə tükənmiş bir ölkənin yenidən revanşist, eləcə də faşist düşüncə ilə müharibə ritorikasına sığınması onun üçün intihar deməkdir. Ermənistandakı radikal qüvvələr anlamalıdırlar ki, Azərbaycana qarşı növbəti hər hansı bir avantüra rəsmi İrəvanın dövlətçiliyini tamamilə itirməsi və bir ölkə kimi sıradan çıxması ilə nəticələnə bilər”.
Qeyd edək ki, 7 iyunda Ermənistanda təxminən 2,5 milyon seçici parlamentdəki yerlər uğrunda mübarizə aparan 18 partiya və blok arasında seçim edəcək.
Ləman İmran
Globalinfo.az