Litva, ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bağlı ABŞ-la danışıqlar aparır. Avropada təhlükəsizlik mövzusunda narahatlıqların artdığı bir dövrdə bu müzakirələr diqqət çəkir. Litvanın müdafiə naziri Robertas Kaunas da belə danışıqların aparıldığını təsdiqləyib.
Müzakirələr NATO-nun şərq cinahının gücləndirilməsi və ABŞ-ın Avropadakı hərbi strategiyasında mümkün dəyişikliklər fonunda gündəmə gəlib. Hazırda Litva qanunvericiliyi kütləvi qırğın silahlarının ölkə ərazisində yerləşdirilməsini qadağan etsə də, bu məsələdə dəyişiklik ehtimalı da müzakirə olunur.
Litvanın ABŞ-ın nüvə silahlarını qəbul etməyə hazırlaşması NATO-Rusiya qarşıdurmasında yeni mərhələnin başlanğıcı sayıla bilərmi? Bu addım Baltik regionunun və ümumilikdə Şərqi Avropanın təhlükəsizliyini gücləndirəcək, yoxsa əksinə, bölgəni mümkün hərbi risklərin və gərginliyin mərkəzinə çevirəcək?
Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, ABŞ-ın nüvə silahlarını Litvanın ərazisində yerləşdirməsi ilə bağlı aparılan danışıqlar Avropanın təhlükəsizlik arxitekturasında mühüm dəyişiklikdir:
“Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra NATO-nun şərq cinahında yerləşən ölkələr təhlükəsizlik təminatlarının daha da gücləndirilməsini prioritet hesab edirlər. Bu baxımdan Litvanın belə bir addımı həm çəkindirmə, həm də Rusiyaya mesajdır.
Bununla belə, nüvə silahlarının Baltik regionunda yerləşdirilməsi təhlükəsizliklə yanaşı yeni risklər də yaradır. Belə bir qərar Rusiyanın sərt reaksiyasına səbəb ola bilər. Bu, bölgədə hərbi aktivliyi və silahlanma yarışını sürətləndirər. Nəticədə Litva və digər Baltik ölkələri münaqişə zamanı prioritet hədəflərə çevrilə bilərlər. Bu isə regional sabitliyin zəifləməsi, gərginliyin artması və müharibə meydanının genişlənməsi deməkdir.

Mütəllim Rəhimli
Sözügedən məsələyə həmçinin NATO-Rusiya qarşıdurmasının yeni mərhələsi kimi də baxıla bilər. Çünki nüvə infrastrukturunun Rusiya sərhədlərinə daha da yaxınlaşması Moskva tərəfindən strateji təhdid olaraq qəbul edilir. Bununla belə Qərb dairələri hesab edirlər ki, məhz güclü çəkindirmə mexanizmləri hərbi avantüraların qarşısını alır və sülhün qorunmasına xidmət edir.
Litvanın ABŞ-ın nüvə silahlarını qəbul etməsi təhlükəsizlik baxımından həm üstünlüklər, həm də risklər yaradır. Bu addım NATO-nun müdafiə imkanlarını gücləndirsə də Baltik regionunu geosiyasi rəqabətin daha kəskin yaşandığı məkanlardan birinə çevirəcək. Qərarın nəticələri həm hərbi, həm də siyasi və diplomatik müstəvidə qiymətləndirilməlidir”.
Turan Rzayev
Globalinfo.az