Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın NATO-nun Ankara sammitinə qatılmağı planladığını açıqlayıb. Bu, Ağ Ev rəhbərinin ölkəyə ilk səfəri olacaq.
ABŞ prezidentinin Ankara səfəri bölgədəki vəziyyət fonunda necə dəyərləndirilməlidir? Bu, Türkiyənin geosiyasi mövqeyinə necə təsir edəcək?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, bu səfər təkcə ikitərəfli münasibətlər kontekstində yox, bütövlükdə NATO daxilində güc balansı və Türkiyənin geosiyasi rolunun yenidən qiymətləndirilməsi baxımından olduqca diqqətəlayiq hadisədir:
“Xüsusilə Türkiyənin regional böhranların mərkəzində yerləşməsi, Qara dəniz, Yaxın Şərq və Cənubi Qafqaz istiqamətlərində eyni anda aktiv siyasət aparması bu səfərin əhəmiyyətini daha da artırır. NATO çərçivəsində keçiriləcək belə bir sammitdə ABŞ Prezidentinin iştirakı alyans daxilində siyasi koordinasiyanın gücləndirilməsi deməkdir. Hazırkı qlobal şəraitdə NATO daxilində fikir ayrılıqları, xüsusilə Rusiya ilə münasibətlər, Ukrayna müharibəsinin idarə olunması, Yaxın Şərq problemi və Avropanın təhlükəsizlik arxitekturası alyansın daxili dinamizmini mürəkkəbləşdirib. Bu kontekstdə Trampın Ankara sammitinə qatılması ABŞ-ın Türkiyə ilə münasibətləri yenidən prioritetləşdirmək niyyətinin göstəricisidir”.
Yusif Bağırzadə
Politoloq bildirib ki, Türkiyə baxımından bu səfər simvolik və praktik əhəmiyyət daşıyır:
“Birincisi, Ankara uzun müddətdir NATO daxilində öz strateji muxtariyyətini artırmağa çalışan aktordur. Rusiya ilə balanslı münasibətlər, Yaxın Şərqdə müstəqil hərbi-siyasi əməliyyatlar və müdafiə sənayesində yerli istehsalın gücləndirilməsi Türkiyəni klassik “NATO üzvü” modelindən daha çox “strateji oyunçu” statusuna çevirib. Trampın Ankara səfəri bu statusun de-fakto qəbul edilməsi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, bu səfər Türkiyənin geosiyasi mövqeyinə əlavə legitimlik qazandırır. Ankara həm Qərblə dialoqu qoruyan, həm də regional müstəqil siyasət yürüdən azsaylı NATO üzvlərindən biridir. ABŞ-Türkiyə liderlərinin birbaşa təmasları enerji təhlükəsizliyi, müdafiə sənayesi əməkdaşlığı, F-16/F-35 proqramları və Qara dəniz təhlükəsizliyi kimi məsələlərdə yeni razılaşmalar üçün zəmin yarada bilər.
Ən nəhayət səfərin regional kontekstinə də diqqət yetirmək lazımdır. Bunu Rusiya və Yaxın Şərq aktorlarının da diqqətlə izləyəcəyi şübhəsizdir. Türkiyənin həm Ukrayna böhranında vasitəçi rol oynaması, həm də Suriya və Qafqazdakı aktivliyi onu NATO daxilində “körpü dövlət” funksiyasına çevirir. Bu, Ankara üçün yalnız diplomatik uğur deyil, həm də geosiyasi mövqeyinin yenidən təsdiqi anlamına gəlir. Eyni zamanda, Türkiyənin həm Qərb ittifaqı daxilində çəkisini artırır, həm də regional güc mərkəzi kimi rolunu daha da möhkəmləndirir. Trampın səfəri NATO-nun gələcək strategiyasında Türkiyənin daha aktiv və mərkəzi aktor kimi qəbul edildiyini göstərən mühüm siqnal ola bilər”.
Ləman İmran
Globalinfo.az