Demokratik cəmiyyətin əsas sütunlarından biri hesab olunan söz və məlumat azadlığı dövlətlərin tərəqqisində, cəmiyyətlərin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan da söz və mətbuat azadlığına hörmətlə yanaşılan, fikir plüralizminin təşviq edildiyi ölkələr sırasında yer alır. Söz azadlığı bəşəriyyətin malik olduğu ən dəyərli hüquqlardan biri kimi qəbul edilir. İnsanların azad mühitdə yaşaması, fikirlərini sərbəst şəkildə ifadə etməsi və məlumat əldə etmək imkanına sahib olması demokratik inkişafın vacib şərtlərindəndir. Fikir, söz və məlumat azadlığının təmin olunması, sərbəst düşüncənin ifadəsi üçün hüquqi zəminin yaradılması həm kütləvi informasiya vasitələrinin fəaliyyətinin əsasını təşkil edir, həm də müasir informasiya cəmiyyətinin başlıca dəyərlərindən hesab olunur.
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində hansı işlər görülür?
Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, Azərbaycanda son beş ildə həyata keçirilən media islahatlarının ən mühüm istiqamətlərindən biri media idarəçiliyinin sistemli şəkildə yenilənməsidir:
“2021-ci ildə “Media haqqında” Qanunun qəbul edilməsi və 2022-ci ildə onun qüvvəyə minməsi, Medianın İnkişafı Agentliyinin fəaliyyətinin genişləndirilməsi, Audiovizual Şuranın yeni tərkibdə formalaşdırılması, media subyektlərinin vahid reyestr sisteminə keçirilməsi və bu kimi digər ardıcıl tədbirlər media sektorunda institusional transformasiyanın effektivliyini təmin edib. İslahat prosesi medi təşkilatları ilə yanaşı media subyektlərini- televiziya və radio, informasiya agentlikləri, internet media resurslarını, çap mediasını və rəqəmsal platformaları da əhatə edib. Audiovizual media seqmentində aparılan yeniliklər xüsusilə diqqət çəkir. Televiziya yayımının bütövlükdə HD formatına keçirilməsi, DVB-T2 standartının tətbiqi, internet və OTT yayımçılarının fəaliyyət imkanlarının genişləndirilməsi, yeni beynəlxalq televiziya layihələrinin meydana çıxması milli informasiya məkanının texnoloji potensialını əhəmiyyətli dərəcədə artırıb. ANEWZ beynəlxalq televiziya kanalının fəaliyyətə başlaması isə Azərbaycanın qlobal informasiya məkanında daha fəal iştiraknı təmin edə bilir”.
Müşfiq Ələsgərli
Ekspert bildirib ki, bu yöndə informasiya agentliklərinin inkişafı da diqqətəlayiqdir:
“Agentliklərinin Media Reyestrinə daxil edilməsi üçün minimum meyarların müəyyənləşdirilməsi və bu məqsədlə “Media Hqqında” Qanunun 60-cı maddəsinə müvafiq dəyişikliklərin edilməsi, onların qarşısında 20 media subyekti ilə müqavilənin olması; azı 5 xarici ölkədə akkreditə olunmuş jurnalistinin mövcudluğu, müntəzəm xəbər istehsalı və yayımı kimi şərtlərin qoyulması bu seqmentin institutsional və peşəkar inkişafını stimullaşdırır. AzərTAC, APA, “Report”, “Trend” kimi milli informasiya agentlikləri artıq yalnız gündəlik xəbər istehsalçıları deyillər. İndi onlar həm də analitik informasiya mərkəzləri funksiyasını yerinə yetirirlər. Onların müxtəlif dillərdə fəaliyyət göstərməsi, xarici ölkələrdə müxbir şəbəkəsini genişləndirməsi və beynəlxalq informasiya dövriyyəsində fəallaşması Azərbaycanın informasiya suverenliyinin möhkəmlənməsinə xidmət edir. Bu gün xarici media qurumlarının və beynəlxalq təşkilatların Azərbaycanla bağlı məlumatları birbaşa yerli media resurslarından əldə etməsi ölkənin informasiya müstəqilliyinin mühüm göstəricisidir”.
Onun sözlərinə görə, fikir və söz azadlığının inkişafı, milli informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi yalnız hüquqi təminatlarla deyil, həm də peşəkar jurnalistikanın gücləndirilməsi ilə bağlıdır:
“Peşəkar jurnalistika cəmiyyətə etibarlı məlumat təqdim edir, dezinformasiyanın qarşısını alır və ictimai qərarvermə prosesinin keyfiyyətini yüksəldir. Bu baxımdan jurnalistlərin peşə hazırlığı, faktların yoxlanılması mexanizmlərinin gücləndirilməsi və etik standartların təşviqi, cəmiyyətin media savadlılığının artırılması da Azərbaycanın müasir media siyasətində əsas xətlərdən birini təşkil edir. Bu kontekstdə yanaşsaq görərik ki, son beş ildə peşəkar və iqtisadi cəhətdən dayanıqlı media institutlarının formalaşdırılması yönündə mühüm addımlar atılır. Dövlətin həyata keçirdiyi maliyyə və institusional dəstək proqramları nəticəsində bir sıra media qurumları texniki bazalarını yeniləyib, rəqəmsal transformasiya prosesinə qoşulub, beynəlxalq standartlara uyğun fəaliyyət imkanları əldə ediblər. Bu mənada Azərbaycand son 5 ildə həyata keçirilən media islahatları həm hüquqi dəyişiklikləri, həm də media iqtisadiyyatının modernləşdirilməsi prosesini əhatə edir”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.
Ləman İmran
Globalinfo.az