Yeni tədris ilindən etibarən dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlər üçün tətbiq ediləcək müsahibə qaydaları müəyyənləşdirilib. Prosesin şəffaflığını təmin etmək məqsədilə videoçəkiliş, nəticələrin elektron qaydada təqdim olunması kimi mexanizmlər nəzərdə tutulub.
Globalinfo.az-a danışan Əməkdar müəllim, sabiq deputat Sona Əliyevanın fikrincə, yeni müsahibə mexanizmi Azərbaycan təhsilində illərdir ehtiyac duyulan obyektivliyin təmin olunmasında iddialı görünür:
“Prosesin videoçəkilişlə sənədləşdirilməsi və meyarların rəqəmsallaşdırılması sadəcə texniki yenilik deyil, həm də valideyn-məktəb münasibətlərində etimadın bərpası üçün atılan həqiqətən də cəsarətli bir addımdır. Lakin bu islahatın uğuru müəyyən detallardan asılıdır. Doğrudur, videoçəkiliş və elektron nəticə sistemi subyektiv qərarların qarşısını alan ən güclü mexanizmdir. Bu, şagirdin bacarığını kağız üzərindəki qiymətləndirmədən fərqli olaraq, onu canlı və sübuta yetirilə bilən bir fakta çevirir. Şagirdin dinləyib-anlama və danışıq bacarığının yoxlanılması yaxşı haldır, lakin hədəfimiz daha böyük olmalıdır. Çünki dil bilmək sadəcə danışmaqdan ibarət deyil”.
Ekspert deyib ki, xarici dillərdə gündəlik ünsiyyət dili ilə akademik qavrama dili arasında kəskin fərq var:
“Şagird məişət səviyyəsində rahat ünsiyyət qura bilər, lakin həmin dildə fizika və ya tarix dərsinin mürəkkəb terminologiyasını mənimsəməyə biləcəkmi? Xüsusən yuxarı siniflərdə müsahibə meyarlarına məntiqi strukturlaşdırma və sadə akademik şərh elementlərinin əlavə edilməsi şagirdin gələcəkdə dərslərdə “dil baryeri” ilə qarşılaşmaması üçün həyati əhəmiyyət kəsb edir”.
S.Əliyevanın sözlərinə görə, hazırda dünya səviyyəli təhsil modelləri artıq şagirdin nə bildiyini yox, nəyi, necə öyrənə biləcəyini ölçür:
“Bizim yeni yanaşmamız şagirdin hazırkı vəziyyətini mükəmməl sənədləşdirəcək, obyektivliyi artıracaq. Lakin gələcək mərhələlərdə bu müsahibələr şagirdin yeni informasiya qarşısındakı reaksiyasını və adaptasiya sürətini ölçən daha çevik bir modelə inteqrasiya etməlidir. Çünki dil sadəcə bir ünsiyyət vasitəsi deyil, şagirdin başqa bir dildə dünyanı dərk etmə səviyyəsidir”.
Zaira Akifqızı
Globalinfo.az