1673384318 1673383088 1673382472

Böyük Britaniyanın Baş naziri Keir Starmer hökumətin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qadağan olunmuş təşkilatlar siyahısına salınması üçün yeni qanunvericilik hazırladığını açıqlayıb.

Onun sözlərinə görə, bu addım “zərərli dövlət aktorlarına” qarşı hüquqi mexanizmlərin gücləndirilməsi məqsədi daşıyır və yaxın parlament sessiyasında təqdim olunacaq.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Britaniyanın SEPAH ilə bağlı sərtləşdirici hüquqi addımlar hazırlaması və Avropa İttifaqının inqilab korpusunu terror təşkilatı kimi tanıması Qərb–İran münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir:

“Əslində, bu yanaşma Qərbin İran siyasətində uzun müddətdir müşahidə olunan tədrici sərtləşmənin davamıdır. SEPAH-ın regional təsir gücü, iqtisadi şəbəkəsi və hərbi strukturlardakı rolu onu Qərb üçün sıradan təhlükəsizlik aktorundan daha geniş bir risk mərkəzinə çevirib. Buna görə də artıq məqsəd yalnız siyasi mesaj vermək deyil, həmin strukturu hüquqi çərçivədə məhdudlaşdırmaq və fəaliyyət imkanlarını daraltmaqdır.

1671105283 qabil huseynli
Qabil Hüseynli

İranın cavabı isə qarşılıqlı addımlarla gəlir və bu, münasibətləri daha da gərginləşdirir. Beləliklə, tərəflər arasında etimad demək olar ki, minimum səviyyəyə enir və diplomatik dialoqun manevr imkanları daralır. Bu vəziyyət formal olaraq tam diplomatik qırılma yaratmasa da, münasibətləri faktiki olaraq donmuş və çıxılmaz bir fazaya yaxınlaşdırır.

Proses Qərbin İran siyasətində kəskin dönüşdən çox, mərhələli sərtləşmə xəttinin dərinləşməsi kimi görünür və SEPAH ətrafında cəmləşən gərginlik bu xəttin əsas hərəkətverici elementi olaraq qalır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: