Türkiyəli müğənni Rıza Tamer vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
İddiaya görə, müğənni həmişəki dərmanlarını qəbul etdikdən sonra dincəlmək üçün uzanıb, lakin qəfildən halı pisləşib. O, ürəkbulanma və nəfəs darlığından əziyyət çəkib, qohumları təcili yardım çağırıblar.
Vəziyyəti ağır qiymətləndirilən Tamer dərhal Bodrum Dövlət Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o vəfat edib.
Qeyd edək ki, R.Tamer “Benden Sonra”, “Deneme Tahtası” ve “Benim Yerime” kimi mahnıları ilə tanınıb.
Xatırladaq ki, o, ötən aylarda Azərbaycana gələrək burada Türkiyə lirəsinin keçərli olmadığını demiş və buna görə konsertini ləğv etmişdi:
“Bu gün Azərbaycanda konsertimiz olacaqdı. Bir gün öncədən şəhəri gəzmək üçün Bakıya getdim. Məkanla əlaqədar heç bir problem yoxdur. Çox gözəl qarşıladılar, möhtəşəm insanlardır. Amma konsertimizi ləğv etmək məcburiyyətində qaldıq. Mən türk pulunun keçmədiyi heç bir ölkədə konsert vermək istəmirəm”.
İfaçının bu fikirləri birmənalı qarşılanmamışdı. İzləyicilər açıqlamasına görə onu sərt tənqid etmişdilər.
Günel Cəlil
Globalinfo.az