İlahiyyatçı Hacı Şahin Həsənlinin vəfatı inancından asılı olmayaraq əksər insanları məyus edib. Onun din xadimindən çox, fikir adamı, ideoloq, şəxsiyyət kimi sevildiyi qeyd edilir.
Maraqlıdır, Hacı Şahinin cəmiyyətdə bu qədər sevilməsinin əsas səbəbi nədir?
Dinşünas Elşad Miri Globalinfo.az-a açıqlamasında Hacı Şahinin ölüm xəbərinə dərindən kədərləndiyini vurğulayıb və xatırladıb ki, Azərbaycan əhalisinin 60 faizdən çoxu onunla eyni məzhəbin nümayəndələridir:
“Bu qisim öz məzhəblərində belə bir simanın olmasını arzulayırdılar. Hacı Şahin özü istifadə edə bilməsə də, ətrafındakı gənclər onun üçün müasir informasiya texnologiyalarından, sosial şəbəkələrdən yararlanmağa imkan yaratdılar. Nəticədə müraciət etdiyi auditoriya daha da genişləndi, çıxışlarını daha çox adam dinləyə bildi.
O, İranın ideologiyasından uzaqlaşmağa çalışan insanların simasına çevrilmişdi. Dövlət və dinlə bağlı çıxışlarında da bu öz əksini tapırdı. Çünki insanlar Qafqaz Müsəlmanları İdarəsi sədrini din xadimindən çox, məmur olaraq görürdülər”.
E.Miri Hacı Şahinlə münasibəti və islam mövzusunda müzakirələrindən də bəhs edib:
“Onun Yutub kanalında mənim barəmdə çıxışları olmuşdu, mən də mədəni şəkildə öz Yutub kanalım vasitəsilə cavab vermişdim. Həmçinin şəxsi görüşlərimiz də olurdu, müəyyən debat və müzakirələr də aparırdıq. Yəni onunla mədəni şəkildə fikir mübadiləsi edə bilirdik. Amma başqaları ilə bunun mümkünlüyü sual altındadır”.
Ayşən Mustafa
Globalinfo.az