Yaz fəsli gələn kimi bəzi insanlar özünü narahat hiss etməyə başlayır. Onlarda asqırma, burun axması, gözlərin qaşınması kimi şikayətlər artır. Bu əlamətlər bəzən qrip kimi qəbul edilsə də, çox vaxt səbəb allergiya olur.
Bəs yaz aylarında qrip və allergiya əlamətlərini sadə şəkildə necə fərqləndirmək olar?
Globalinfo.az-a danışan infeksionist Ləman Qalimova bildirib ki, mövsümi qrip bu il də müşahidə olunur.
Həkimin sözlərinə görə, mart ayı xüsusilə həssas dövr hesab edilir:
“Məsələn, allergiyası olan insanlarda bu dövrdə əlamətlər yenidən baş qaldırır. Buna görə də bu hallar tez-tez qriplə qarışdırılır. Allergiya əsasən allergik rinitlə başlayır və insanlar adətən özlərində bu vəziyyətin olduğunu bilirlər. Allergik reaksiyalar zamanı əksər hallarda qızdırma müşahidə olunmur. Əgər bakterial və ya viral infeksiya qoşulmayıbsa, temperatur yüksəlmir. Buna görə də mütləq həkimə müraciət etmək lazımdır ki, bunun allergik reaksiya olub-olmadığı dəqiqləşdirilsin”.
L.Qalimova vurğulayıb ki, xəstəlik zamanı müayinə mütləqdir:
“Pasiyent həkimlə dəqiqləşdirməlidir ki, bu, allergik rinitdir, yoxsa qrip zamanı yaranan burun axması və göz qızarmasıdır. Bu kimi şikayətləri yalnız həkim düzgün şəkildə ayırd edə bilər. Diaqnoz qoyulduqdan sonra isə uyğun müalicə tətbiq olunmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az