699fb52a 3c2f 4f3e 8150 1adc6942d931

Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Ömər Faruk Gergerlioğluna qarşı məhkəmə iddiası qaldırıb. Buna səbəb kimi deputatın Azərbaycan və Prezident İlham Əliyev haqqında səsləndirdiyi əsassız fikirlər göstərilir.

Qeyd olunur ki, Gergerlioğlunun açıqlamaları Türkiyə ictimaiyyətində də ciddi etiraz doğurub.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu, təkcə iki şəxsin hüquqi mübahisəsi deyil, həm də ictimai və siyasi müstəvidə baş verən bir qarşıdurmanın hüquqi müstəviyə daşınması kimi qiymətləndirilə bilər:

“Məsələ ondan ibarətdir ki, Gergerlioğlunun Azərbaycan və Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlər iki ölkənin ictimaiyyətində də qərəzli və əsassız hesab edilir. Bu baxımdan Attarın məhkəməyə müraciəti həm şəxsi mövqeyin müdafiəsi, həm də Azərbaycanla bağlı iddialara hüquqi çərçivədə cavab verilməsi kimi dəyərləndirilir. Bu addım göstərir ki, belə mübahisələr artıq yalnız siyasi polemika səviyyəsində deyil, hüquqi müstəvidə də müzakirə olunmağa başlayır.

zuriye qarayeva 900x600 2
Züriyə Qarayeva 

Digər tərəfdən, Türkiyədə də bu məsələ ətrafında müxtəlif reaksiyaların ortaya çıxması diqqət çəkir. Bakı-Ankara münasibətlərinin strateji müttəfiqlik səviyyəsində olduğu bir dövrdə Azərbaycan haqqında səsləndirilən ittihamlar Türkiyə ictimaiyyətində də birmənalı qarşılanmır və müəyyən dairələr tərəfindən sərt tənqid olunur. Bu kontekstdə məhkəmə prosesinin necə nəticələnəcəyindən asılı olmayaraq, məsələ Türkiyədə söz azadlığı, siyasi tənqid və dövlətlərarası həssas münasibətlərdə balansın necə qorunması kimi daha geniş bir müzakirə mövzusunu da gündəmə gətirilə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: