WhatsApp Image 2023 03 01 at 13.41.13

Martın 1-də Xocalıda ermənilərlə keçirilən görüşlə bağlı müzakirələr davam edir. Proses çərçivəsində Ramin Məmmədovun Qarabağ erməniləri ilə müzakirəyə məsul şəxs təyin edilməsi maraqla qarşılanıb. Gələcək görüşlərin Bakı, Ağdam, yaxud Gəncədə keçirilməsinin mümkünlüyü də vurğulanıb.

Qeyd edilən şəhərlərin müzakirə üçün təklif edilməsi nəyə işarədir?
Maraqlıdır, hansı amillər nəzərə alınaraq millət vəkili bu vəzifəyə uyğun bilindi?

Mövcud prosesləri Globalinfo.az-a şərh edən politoloq Tofiq Abbasov görüşün mahiyyəti və ermənilərin bölgədəki vəziyyətini dəyərləndirib:

“Qarabağ erməniləri ilə danışıqların sözügedən ərazilərdə aparılması məqsədəuyğundur. Bu, son dərəcə normaldır. Əsas məsələ odur ki, ermənilərin təmsilçiləri prosesdən yayınmasınlar, çünki burada daha çox onların müqəddəratı həllini tapmalıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bu, ciddi arqumentdir. Qarabağda gizlənən erməni separatçılar artıq manevr imkanlarını itiriblər. Prezident İlham Əliyev ərazidə nəzarət-buraxılış məntəqəsinin qurulacağını qeyd etmişdi. Sual odur ki, bu, yaxın zamanlarda həyata keçiriləcək, yoxsa 2025-ci ildə? Yəni ermənilərin bütün bəhanələrinin qarşısı alınmalıdır. Əgər xaricdən gətirilən şəxslər və separatçı silahlılar Qarabağda yenidən gərginlik yaratsalar, Azərbaycan vətəndaşı olaraq ərazidə yaşamaq istəyən ermənilərin həyatlarını təhlükəyə atsalar, bütün imtiyazlarını və imkanlarını itirmiş olacaqlar.

Qarabağdakı separatçı rejimin manevr imkanları tükənib. Azərbaycan Ordusunun zaman-zaman keçirdiyi əməliyyatlar onu göstərir ki, onların heç bir şansı, gücü qalmayıb”.

Politoloq məsul şəxs kimi məhz Ramin Məmmədovun seçilməsinin səbəblərindən söz açıb:

Ramin Məmmədov

“Ramin Məmmədov kifayət qədər savadlı, intellektual şəxsdir. Millət vəkili kimi də məhsuldar fəaliyyət göstərir. Məsul şəxs kimi onun seçilməsini bir sıra müsbət nüanslarla əsaslandıra bilərik. Ramin Məmmədov çox təmkinli biridir və bu prosesin tələblərinə uyğundur. Qarabağ erməniləri ilə danışıqlarda məsul şəxs üzərinə düşən öhdəliyi dərk etməli və layiqincə yerinə yetirməlidir. Həmçinin müzakirələr haqqında məlumatları düzgün çatdırmalı, proseslərin zamanında həyata keçirilməsinə diqqət etməlidir. Ramin Məmmədov bütün tələblərə cavab verən kadrdır”.

T.Abbasov ermənilərin prosesi fərqli şəkildə pərdələməyə çalışdığını qeyd edərək, gələcək üçün başqa məqsədləri olduğunu bildirib:

“Hazırkı müzakirələr doğru formalaşdırılmalıdır. Bu, Bakı ilə Xankəndi deyil, Azərbaycan nümayəndələri ilə Qarabağda yaşayan erməni icmasının təmsilçiləri arasında aparılan danışıqlardır. Bakı-Xankəndi münasibətləri deyə bir şey yoxdur, olmamalıdır. Təəssüf ki, ermənilər və onların havadarları məsələni qeyd edilən istiqamətə çəkməyə çalışırlar. Azərbaycanda müxtəlif icmalar var, ermənilər də onlardan biridir. Onlar üçün icmadan yuxarı status yoxdur. Burada vacib məsələ yerli ermənilərin Azərbaycan reallıqlarına reinteqrasiyasıdır. Ermənilər elə düşünürlər ki, 30-40 il sonra millətçilik məsələsini yenidən gündəmə gətirib nəyəsə nail ola bilərlər. Anlamırlar ki, bu, artıq mümkün deyil”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: